
Peşəkar Futbol Liqası (PFL) idman jurnalistləri üçün bölgə layihəsini 2025/2026 mövsümündə də davam etdirəcək.
Bu barədə Sportnet.az-a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bölgə layihəsi idman jurnalistikası üçün stimuldur: "Jurnalistlərimizi də yaxşı başa düşürük. Onların maddi durumu o qədər də yüksək deyil ki, bütün oyunlarda iştirak eləsinlər. Biz də çalışırıq ki, büdcəmizdə mediaya, marketinqə, PR-a müəyyən dəstək baxımından xərclərimiz olsun".
Abdullayevin fikrincə, bu layihə özünü doğruldur: "Bizim yaxşı sponsorumuz da var. Bu baxımdan, düşünürəm ki, problem yoxdur və layihə davam etdiriləcək. Çünki bir hadisə haqqında danışılmırsa, yazılmırsa, onun keçirilməsi, insanlara çatdırılması bir az çətin olacaq. İndiki halda bu, jurnalistlərimiz üçün bir növ dəstəkdir. Jurnalistlər bundan istifadə edib regionlara səfər edə bilirlər. Məndə statistika var. Elə jurnalist var ki, ay ərzində7-8 region oyununda olub. Gəlin, razılaşaq ki, öz hesabına bunu etmək o qədər də asan başa gəlmir, kifayət qədər ciddi məbləğdir. Ona görə də bu, bəyənilirsə, özünü doğruldursa, niyə də davam etməsin"?!
Qeyd edək ki, bölgə layihəsi Azərbaycan Premyer Liqasında çıxış edən region klublarının ev oyunlarının işıqlandırılmasını nəzərdə tutur. 2024/2025 mövsümündə bölgələrdən yalnız Tovuz və Şamaxıda oyunlar keçirtilirdisə, qarşıdakı mövsümdən region komandalarının sayı artacaq və bu sıraya Qəbələ, İmişli, Yevlax və Gəncə də qoşulacaq.