
Azərbaycan Kubokunun final matçında açılış mərasiminin ərsəyə gəlməsindən ötrü aylarla əmək sərf olunur.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq departamentinin direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, tədbirin ssenarisini elə PFL kollektivi hazırlayır: "Hər bir əməkdaşımızın fikri nəzərə alınır və yekunda bir məhsul ortaya çıxarılır. Kənar şəxsə müraciət etmək bizə maddi baxımdan da uyğun deyil. Çünki prodakşnlar, şirkətlər bunu keçirəndə kifayət qədər ciddi məbləğlər istəyirlər. Amma artıq Azərbaycan Kubokunun finalı bir bayram ab-havasında keçirilir. Açılış mərasiminin keçirilməsi artıq bir ənənədir. Bu da insanlara Azərbaycan futbolunu daha çox sevdirir".
2024/2025 mövsümündə Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Əslində bu görüş 1 iyun - Beynəlxalq Uşaqlar Günündə baş tutmalı idi. Lakin Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının finalı da eyni günə təsadüf etdiyindən, təşkilatçıların xahişi ilə PFL kubok finalının vaxtını bir gün əvvələ çəkib. Lakin bu, təşkilati işlərə heç bir təsir göstərməyib.
Abdullayevin sözlərinə görə, final matçından öncə açılış mərasimində həm uşaqlar, həm azarkeşlər, həm yaşlılar – hər kəs üçün nə isə var idi: "Həm uşaqların əylənməsi üçün, həm valideynlərin, azarkeşlərin gəlməsi üçün. Biz çalışırıq ki, Azərbaycan Kubokunun finalı bayram ab-havasında keçsin. Finalın ərsəyə gəlməsi, sizin gördüyünüz o açılış mərasimi 1 saata yox, onun üzərində aylarla əmək sərf olunur. Bəzən 2 aya yaxın onun üzərində işləyirik, məşqlər keçirilir. Təbii ki, bunu tək keçirmək mümkün deyil. Burada bizim bütün PFL əməkdaşları, bizdə təmsil olunan hər bir şəxs, xüsusi planlama ilə ona tapşırılan işi layiqincə yerinə yetirdiyinə görə ortaya belə gözəl bir mənzərə çıxır. Bəyəndiyinizə görə sizə də təşəkkürümü bildirirəm".
PFL rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının püşkatma mərasimini də bu cür təntənəli, qala gecə formasında keçirmək bir qədər çətindir: "Təbii ki, püşkatmanı istənilən formatda keçirmək, daha yüksək vəzifəli rəhbər şəxslərin iştirakını da təmin etmək mümkündür. Amma razılaşaq ki, püşkatma bizim klubların başının ən çox qarışıq dönəminə düşür. Komandalar avrokuboklarda çıxış etdiyi zaman beynəlxalq oyunlara köklənirlər. Tam gərgin məşq proqramları reallaşdırılır. Digər komandalar təlim-məşq toplanışları ilə əlaqədar səfərlərdə olurlar".
Abdullayev bildirib ki, oyunlardan sonra mükafatlandırma mərasiminə hazırlıq işlərinin müddəti görülən işin miqyasından, qurulan səhnənin və orada görüləcək işlərin dəqiqəsindən asılıdır: "Bu, bəzi oyunlardan sonra tez, bəzilərindən sonra gec bitir. Düşünürəm ki, bu, vaxtla, insanların orada qalması tez və ya gec olması ilə bağlı deyil. Qeyd etdiyiniz kimi, əksər, hətta avrokubok oyunlarında belə oyun bitəndən sonra məğlub olan komandanın azarkeşləri stadionda qalmır, məkanı tərk edirlər. Amma düşünürəm ki, hər zaman da olmasa, biz maksimum 20 dəqiqəyə işi yekunlaşdırırıq. 20 dəqiqə olmasına baxmayaraq da bəzən məğlub olmuş komandanın azarkeşləri stadionu tərk edirlər. Yəni bunun vaxtla bağlı olduğunu düşünmürəm".