
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş İngiltərənin "Liverpul" klubunun və Portuqaliya yığmasının sabiq futbolçusu Dioqu Jotanın və qardaşı Andre Silvanın ölümü ilə əlaqədar fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 71 yaşlı mütəxəssis "Jornal Nacional"a müsahibəsində xəbərdən şoka düşdüyünü bildirib.
"Yuxudan oyandıqda telefonumda bir neçə məlumat gördüm. Amma yenə də inanmaq istəmirdim. Lakin bu, çılpaq həqiqət idi. İki futbolçunun ölümündən şoka düşdüm. Onların ailələrinin hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətindir. Nə etmək olar? Əlimdən yalnız dua etmək gəlir", - deyə o vurğulayıb.
Santuş Jota ilə əlaqədar epizodu da nəql edib: "2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatına Dioqu Jotanı da çağırmışdım. Lakin ciddi zədəsi mundialda iştirakına mane oldu. Bununla belə, "Liverpul"un futbolçusu unudulmaz bir jest etdi. Dioqu zəng etdi və dedi: "Olarmı mən də gedim? Sizinlə birlikdə ola bilərəmmi"? Bu, mənim xatirəmdə iz buraxan jest oldu. Bütün kollektiv böyük məmnuniyyətlə onu Qətərə 4 günlük dəvət etdi. Jota gəldi və iki oyunumuza baxdı. Mən onu güclü xarakterli, pozitiv insan kimi gördüm. Bu, onun qollarından da vacib idi".
Qeyd edək ki, Fernandu Santuş 2014 - 2022-ci illərdə Portuqaliya millisində çalışıb. O, Azərbaycan yığmasına 12 iyun 2024-cü ildən rəhbərlik edir.