
“Klub ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar burada olmağıma təsir edən amillərdir".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Hamidu Keyta klubun rəsmi saytına açıqlamasında deyib.
Artıq "qırmızı-ağlar”ın düşərgəsində olan fransalı yarımmüdafiəçi keçidindən məmnunluq ifadə edib: "Həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bura kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb".
Keyta UEFA Konfrans Liqasında Yunanıstanın "Aris" klubuna qarşı oyunla bağlı da danışıb: "Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə yola düşəcək.