
Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev akademiyada məşqçi çatışmazlığına dair açıqlaması ilə gündəmə gəlib.
Sportnet.az xəbər verir ki, 42 yaşlı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində uşaq məşqçiliyi sahəsinə marağın azalmasının səbəblərindən danışıb.
Onun sözlərinə görə, hazırda gənclər kuryerlik etməklə uşaq məşqçisindən daha çox gəlir əldə edə bildikləri üçün bu sahəyə yönəlmirlər: “Yaxınlarda baza məktəbinə baş çəkmişdim. Direktorla danışdım, məşqçilərlə bağlı vəziyyətin necə olduğunu soruşdum, müsabiqələrin necə keçdiyini öyrəndim. O isə məni təəccübləndirərək dedi ki, hazırda bu sahəyə maraq azdır. Çünki iş ağırdır və şərti olaraq bir gənc, kuryer işləməklə, uşaq məşqçisindən daha çox pul qazana bilər".
Musayev bildirib ki, uşaq məşqçiliyi maddi baxımdan ilk vaxtlar yaxşı görünməsə də, uzunmüddətli perspektiv baxımından çox böyük imkanlar yaradır: “Bu, mənə başadüşülən deyil. Bəli, ola bilər maaşın bir müddət az olsun, amma bu işin böyük perspektivləri var. Ümumiyyətlə, uşaq məşqçiliyi çox hörmətli peşədir. Sən inkişaf edə bilərsən, bütün ölkəni gəzə bilərsən. Mən də bir çox turnirlərdə, o cümlədən Avropada olmuşam. Bu, çox maraqlıdır. Hər gün uşaqların necə böyüdüyünü görürsən və sən də onlarla birlikdə böyüyürsən".
Qeyd edək ki, Murad Musayev 2024/2025 mövsümündə “Krasnodar”ı tarixində ilk dəfə Rusiya çempionu edib. O, 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər “Sabah” komandasının "sükanı arxası"nda olub.