“İlk hissədə istədiyimiz performansı göstərə bilməsək də, ikinci yarıda oyuna nəzarəti ələ almağı bacardıq. Rəqib birinci hissədə çox yaxşı mübarizə apardı”.

 

Bunu Sportnet.az-a açıqlamasında Sloveniyanın “Tsele" klubunun futbolçusu Franko Kovaçeviç Əlincə stadionunda ("Bank Respublika Arena") “Sabah”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

 

Hər iki hissənin əvvəllərində fərqlənərək, "dubl" edən 26 yaşlı xorvatiyalı hücumçu qələbənin heç də asan başa gəlmədiyini bildirib: “Bizim üçün çətin oyun oldu. Düzdür, 3 qol vurduq. 2 qolla komandama kömək etdiyim üçün sevinirəm. Amma gərgin görüş keçdi. “Sabah” bizə qarşı yaxşı mübarizə apardı”.

 

Kovaçeviç mərhələ keçəcəklərinə inamını da dilə gətirib: “Cavab görüşü evdə olacaq. İlk matçda qalib gəldik, amma rahatlaşmamalıyıq. Bir top fərqi o qədər də böyük deyil. Əlimizdən gəldiyi qədər mübarizə aparıb, mərhələni keçəcəyik”.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada olacaq. "Tsele" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.