
"Komandaya qoşulduğum üçün çox şadam. Yeni mövsümün əvvəlini səbirsizliklə gözləyirəm".
Sportnet.az xəbər verir ki, bunu Polşanın "Motor Lublin" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
26 yaşlı hücumçu Lublin təmsilçisinin rəsmi saytına açıqlamasında mövsümün uğurlu olacağına ümid etdiyini söyləyib: "Eşitmişəm ki, ilk matçda anşlaq ola bilər. Buna görə də bazar günü keçirəcəyimiz matçı səbirsizliklə gözləyirəm".
Klubun idman direktoru Pavel Qolanski Dadaşovun komandanın profilinə uyğun hücumçu olduğunu bildirib: "O, "ikinci mərtəbə"də yaxşı oynayır, müdafiədə rəqiblərə qarşı çıxış etməyi bacarır və müdafiədə əla işləyir. Güclü Avropa liqalarında oynamaqla yanaşı, Polşa Ekstraklasasının reallıqlarını da bilir. Çünki burada yarım il keçirib".
Qeyd edək ki, Renat Dadaşov "Motor Lublin"lə 1+1 illik müqavilə imzalayıb. Komanda mövsümdə ilk oyununu iyulun 20-də evdə "Arka Qdınya"ya qarşı keçirəcək.