
Ukrayna Futbol Assosiasiyası Qətər və Rusiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı FIFA, UEFA, Asiya Futbol Konfederasiyası (AFK) və Qətər Futbol Assosiasiyasına müraciət edib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Müraciətdə bildirilir ki, bu qarşılaşma FIFA Şurasının və UEFA İcraiyyə Komitəsinin 2022-ci ilin fevralında Rusiya komandalarının - milli və klublarının beynəlxalq yarışlarda iştirakını dayandırmaq barədə qərarlarına ziddir.
"Amansız müharibə hələ də davam edir. Rusiya Federasiyası Ukraynanın şəhər və kəndlərinə hər gün zərbələr endirir, dinc əhalini - uşaqları, qadınları və qocaları qətlə yetirir. Rusiya Federasiyasından olan komandalarla oyunlarda istənilən iştirak birbaşa olaraq müharibə və hərbi cinayətlərə görə məsuliyyət daşıyan terrorçu rejimə dəstəkdir. Bu yaxınlarda dünya çempionatının final mərhələsinə ev sahibliyi edən və özünü sülh və humanizm prinsiplərinə sadiq dövlət kimi dünyaya təqdim edən Qətərin mövqeyi xüsusi narahatlıq doğurur", - deyə bildirilir.
Ukrayna Futbol Assosiasiyası FIFA, AFK və Qətər Futbol Assosiasiyasını müvafiq tədbirlər görməyə çağırıb:
— nəzərdə tutulan oyunla bağlı qərara baxmaq;
— futbolun idarəetmə orqanlarının qərarlarına əməl etmək;
— təcavüzə qarşı mübarizədə və ümumbəşəri dəyərlərin qorunmasında futbol ictimaiyyətinin birliyini qorumaq.
Qeyd edək ki, Rusiya və Qətər yığmaları sentyabrın 7-də Əl-Rayyan şəhərindəki Casim bin Həməd stadionunda üz-üzə gələcək.