
Sponsor kimi əməkdaşlıq müqaviləsi imzalayan "Unibank" öz vəsaitini deyil, klubun büdcəsindəki pullarının dövriyyəsindən əldə etdiyi faizi "Kəpəz"ə ayıracaq.
Sportnet.az xəbər verir ki, bu iddia ilə bağlı Fanat.Az araşdırma aparıb.
Saytın klubun daxilindən əldə etdiyi məlumata görə, "Unibank"ı "Kəpəz"lə əməkdaşlığa klubun İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə şəxsi əlaqələri sayəsində cəlb edib.
Klub funksionerinin bankın rəhbər şəxsi ilə dost olduğu bildirilir. Bu əlaqə "işbirliyi"nə yol açıb. "Kəpəz" bütün maliyyə əməliyyatlarını (maaş ödəmələri, köçürmələr, AFFA-nın vasitəsilə dövlətin ayırdığı dotasiya qəbulu və sair) "Unibank"a həvalə edib. Baxmayaraq ki, klubun əməkdaşları indiyə qədər maaşları Azərbaycan Beynəlxalq Bankının "Tamkart"ı vasitəsilə alıb. Təbii ki, bir klubun illik bank əməliyyatı kifayət qədər məbləğ edir ki, "Unibank" o pulun dövriyəsindən xeyli faiz götürəcək. Məhz həmin faizin bir qisminin kluba yardım kimi təqdim olunacağı gözlənilir.
Məsələ ilə bağlı "Kəpəz"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib ki, "Kəpəz"lə "Unibank" arasında müqavilə imzalanıb və klub tərəfindən konfidensiallıq qorunur:
"Ayrılan məbləğ, müqavilədəki şərtlər biz tərəfdən açıqlanmır. Siz bunu "Unibank"dan soruşa bilərsiniz ki, kluba nə qədər və hansı şərtlər daxilində vəsait ödəyirsiz? Onlar bunu açıqlayacaqsa, bizim üçün problem yoxdur".
Qeyd edək ki, klubun İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə həm də “AqroSport”un direktorudur. O “AqroSport”un ki, hələ illər əvvəl AFFA-nın sabiq baş katibi Elxan Məmmədov onu Azərbaycan futboluna gətirib. Şirkət Məmmədovun stadionların təbii və süni ot örtüklərinin yenilənməsi monopoliyasının sifarişlərini icra edib. Başqa sözlə, ölkə futbolu, xüsusilə də Gəncə kimi böyük şəhərin klubu hazırda FİFA-da oturan şəxsin girovluğundadır.