
"Ev oyununda qalib gəlməyimiz sevindirici haldır. İlk hissədə gözəl oynadıq, ikinci yarıda problemlərimiz oldu".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssisin sözlərinə görə, çatışmazlıqları aradan qaldırmaq üçün çox işləməlidirlər: "Mən də hücumameylli futbol istərdim. Amma bu, hər oyunda alınan deyil. Çünki güclü komandalar var. İkinci hissədə problemlərimizin olduğunu nəzərə alaraq, bunların üzərində işləyəcəyik".
O, komandada fiziki hazırlıqla bağlı problemlərin olması fikri ilə razılaşmayıb: "Bu, fərdi səhvlərlə əlaqədardır. Bəzi futbolçularımız bunu dərk etməlidirlər. 3:0 hesabı ilə öndə olanda daha rahat oynamalısan, riskli epizodlara girməməlisən".
İliç növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də danışıb: "Rəqib Azərbaycanın ən güclü klubudur, bəzi oyunlarını izləmişəm. Macarıstan "Ferentsvaroş"u ilə oyunları onlar üçün çətin olacaq. Bunun bizə müsbət təsir edəcəyini deyə bilmərəm. Belə səhvlər etsək, bizim üçün yaxşı olacaq. "Qarabağ"a qarşı yox, öz oyunumuza köklənməliyik".