
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– İlk turda ən parlaq oyun göstərən komandaya qarşı oynayırdıq. Onlar “Karvan-Yevlax”la səfər matçında çoxsaylı qol epizodları yaratmışdılar. Uzun fasilədən sonra yüksək liqadakı ilk ev oyunları idi və bilirdik ki, aqressiv, istəkli olacaqlar. Elə də başladı. Rəqib fərqləndi, ondan sonra komandamız daha sürətli oynamağa başladı, oyunu nəzarətinə götürdü və çox vacib qollar vuraraq qələbə qazandı. Düşünürəm ki, bu, kritik qələbə idi. Çünki hər zaman çempionatda ilk qələbəni qazanmaq xüsusi çətinlik yaradır. Şükür ki, biz bunu “Qəbələ” ilə səfərdəki oyunda edə bildik. Dörd gün sonra “Kəpəz”lə də vacib oyunumuz var. Ona görə də maksimum çalışıb həmin görüşə köklənməliyik.
– Salifu Sumanın yoxluğu komandaya necə təsir edir?
– Sumanın mövqeyində oynayan Ceyhun Nuriyev bu gün iki qol vurdu və düşünürəm ki, yaxşı oyunlarından birini keçirdi. Ümumilikdə, Sumanın yoxluğunu bütün mövsüm boyu hiss etsəydik, heyətimiz daha geniş olardı. Son dönəmlərdə müəyyən transferlərimiz oldu, amma futbolçularımız tam hazır deyil. Namik Ələskərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır ki, oyun formalarını bərpa etsinlər. Bu gün Sumanın yoxluğunu hiss etmədim, amma gələcək oyunlar nə göstərəcək, bilmirəm. Avrokuboklarda isə təbii ki, hiss olunurdu. Çünki dəyişikliklər və gedişlər birdən-birə baş verdi, futbolçuların əsas heyətin üzvünə çevrilməsi üçün zamana ehtiyac var. Hazırda həm Ceyhundan, həm də Junior Martinsdən istədiyimiz performansı görürük.
– “Kəpəz”lə qarşıdakı oyun haqqında fikirləriniz necədir?
– Tam əksinə, hazırkı dövrdə “Kəpəz”lə oynamaq istəməzdim. Çünki onların son oyunundan sonra azarkeşlərlə futbolçular və məşqçilər arasında müəyyən məsələlər yaşandı. Bilirəm ki, komanda bəlkə də buna aşırı motivasiya ilə cavab verəcək – azarkeşlər qarşısında və özləri üçün özlərini doğrultmaq istəyəcəklər. Bu tip oyunları sevmirəm, amma biz də çalışacağıq, var gücümüzlə hazırlaşacağıq. “Kəpəz” təhlükəli komandadır və son oyunda hesabı bərabərləşdirmək imkanları var idi. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.