
Azərbaycan Premyer Liqasının III turunda “Turan Tovuz” səfərdə “Neftçi”ni məğlub edib. Oyundan sonra komandanın futbolçusu Emmanuel Hakman qarşılaşma ilə bağlı Sportnet.az-a müsahibə verib:
– Oyunu necə dəyərləndirirsiniz?
– Oyun çox çətin keçdi. “Neftçi” bu mövsüm ötən illə müqayisədə daha yaxşı çıxış edir. Amma biz də sona qədər mübarizə apardıq və nəticə etibarilə qələbə qazandıq. Çox sevincliyəm.
– “Neftçi” ilə oyunların fərqli ab-havası var. Siz necə hiss etdiniz?
– Bəli, hər oyun gərgin keçir, amma “Neftçi” ilə oyunların xüsusi gərginliyi olur. Mən hər şeyə hazıram, özümü güclü hiss edirəm və belə qarşılaşmalarda da yaxşı mübarizə aparıram.
– Meydançanın vəziyyəti necə idi?
– Deyə bilərəm ki, ot örtüyü bir az yüngül idi, amma oynamağa mane olmurdu. Çox da irad səsləndirə bilmərəm.
– 10 nəfərlə mübarizə aparan “Neftçi”yə qarşı müdafiə oyunu oynadınız. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu, taktiki gediş idi. Baş məşqçimiz Kurban Berdıyev nə dedisə, hamısını yerinə yetirdik. Bunun nəticəsini də meydanda gördük. Qələbə qazandığımız üçün çox sevincliyik.