
İngiltərə Premyer Liqası tarixində ən bahalı futbolçu transferi gerçəkləşib.
Sportnet.az-ın məlumatına görə, "Liverpul" "Nyukasl"ın hücumçusu Aleksander İsakı 125 milyon funt sterlinqə (145 milyon dollara) əldə edib.
Böyük Britaniya futbolunda əvvəlki transfer rekordu da "qırmızılar"a məxsus olub. Mersisaydlılar Almaniya "Bayer"indən yarımmüdafiəçi Florian Virtsi 125 milyon avroya alıblar. Hər iki "partlayış" bu yay baş verib.
İsveçli forvardın keçidi yay transfer dövrünün sonuncu günündə gerçəkləşib. "Liverpul"la 2031-ci ilin iyununadək anlaşan 25 yaşlı oyunçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
İsakın keçidi həm də Entso Fernandesin Portuqaliya "Benfika"sından 2023-cü ilin yanvarında 121 milyon avroya "Çelsi"yə, Cek Qrilişin isə 2021-ci ilin avqustunda "Aston Villa"dan 117,5 milyon avroya "Mançester Siti"yə transferini üstələyib.
Qeyd edək ki, Aleksander İsak "Nyukasl"da 2022-ci ilin yayından forma geyinib. O, Premyer Liqada ümumilikdə 86 oyunda 54 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Ümumilikdə isə İsak "sığırçınlar"ın heyətində indiyədək 109 oyunda 62 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəllər skandinaviyalı hücumçu İspaniyanın "Real Sosyedad", Almaniyanın "Borussiya Dortmund", Niderlandın "Villem II" və İsveçin AIK klublarında çıxış edib. Forvard İsveç millisində 52 oyuna 16 qol vurub.
"Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. İki komanda 2026-cı il yanvarın 28-də "Enfild" stadionunda üz-üzə gələcək.