
"Atletik"lə (Bilbao, İspaniya) matçda "Qarabağ" futbolçuları çox hərəkət etməli olacaqlar.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. "Atletik" özünəxas oyun üslubu olan bir kollektivdir. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqibin çox istəkli olduğunu, bu görüşdə qalib gəlmək istədiyini bilirik. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm və yığcam olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik. İnanıram ki, azarkeşlərimiz göstərdiyimiz oyundan razı qalacaqlar".
Qurbanov rəqibin çox dinamik oynayan, topu rəqib qapısına ən tez, daha sürətli formada çatdıran kollektivlərdəndir: "Çalışırlar ki, çox sürətli şəkildə rəqib zonasında oyun qursunlar. Bu, bizə çətinlik yarada bilər. Çünki belə olduqda biz meydanda bəzən düzgün yerləşə bilmirik. Çünki oyun həddindən artıq sürətli gedir. Bu, bizə mane ola bilər. Amma necə ki, onlar rəqibə öz oyununu sərgiləməyə imkan vermirlər, mənim də futbolçularımdan tələbim öz oyunumuzu ortaya qoymaqdan ötrü onların oyun üslublarının qarşısını almaq, düşündüklərini yerinə yetirməyə imkan verməməkdir".
Baş məşqçinin sözlərinə görə, istənilən halda, vəziyyətə real baxmaq lazımdır: "Bu gün rəqibə çox böyük hörmətlə yanaşırıq. Federiko Valverde çox hörmət etdiyim baş məşqçilərdən biridir. "Atletik"in həm fərdi, həm də kollektiv olaraq, çox keyfiyyətli, bacarıqlı futbolçuları, zəngin oyun təcrübələri var. Bu təcrübə ola bilər ki, bizi üstələsin. Üstəlik, çox gözəl arenaları var, azarkeş dəstəkləri həddindən artıqdır. Lakin dəfələrlə belə oyunlarda iştirak etmişik və uğurlu nəticələrimiz heç də az olmayıb. Sadəcə, hazırda futbolçulara motivasiya verən, onların rəqibə qarşı çəkinmədən oynamalarının səbəbi daha ürəkli, daha dözümlü olmalarıdır. Ola bilər ki, bir rəqib oyun ərzində 20-30 hücum edirsə, bu komandanın daha artığını etməyə potensialı var. Biz buna hazır olmalı, 90 dəqiqə dözməliyik. Belə oyunlarımız olub. İnanıram ki, hər birimiz üçün daha maraqlı oyun olacaq və meydanda yaxşı mübarizə gedəcək".
Təcrübəli mütəxəssisin fikrincə, "Atletik" böyük klubdur və onu digərlərindən ayırmaq olmaz: "Valverde, Tyerri Anri və digərlərinin fikirlərinə gəldikdə, bəlkə biz oyun üslubumuzu dəyişək ki, bizim üçün çətin olmasın, çünki indi daha diqqətli olacaqlar. İstənilən halda, bu sözləri eşitmək xoşdur, çünki böyük ehtimalla, gördüklərini deyirlər. Biz də analiz etdikdə onların üstün tərəflərinə daha çox önəm veririk. Rəqib bunu düşünürsə, bu, öz oyun üslubumuzdan əl çəkməməklə, daha səliqəli oynamalı olduğumuzu bir daha göstərir. Belə böyük klubların bizə belə ciddi yaşaşması çox sevindirici haldır və istəyimizi, həvəsimizi, məsuliyyətimizi daha da artırır. Onların hər birinə bu fikirlərinə görə təşəkkür edirəm".
Qurbanov 2 oyundan 6 xal toplamalarının narahatlıq yaratmadığını, futbolçulara hansısa formada təsir göstərdiyini etiraf edib: "Çalışırıq ki, bunu aradan qaldıraq. Amma hər şeyə real baxmaq lazımdır. Hələ qarşıda 6 oyun var və 6 oyun 18 xal deməkdir. İştirakçı komandaların gücünə və reallığa baxsaq, hər biri 12-15 xal toplamağa qadirdir. Əlimizdə daha çox xal toplamaq imkanımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Lakin qarşımızda mütləq belə bir vəzifə qoymamışıq ki, 2 oyunda qalib gəldiksə, qarşıdakı oyunlarda da mütləq qələbə qazanacağıq. Belə bir fikrimiz yoxdur. Sadəcə, hər bir uğuru əldə etmək üçün həmişə oyunumuzu daha da yaxşılaşdırmağa, daha da səliqəli və yığcam olmağa çalışırıq. Belə olduqda, əlbəttə, uğur da gəlir. Amma bu, normal haldır, bütün dünya futbolunda olan fikirlərdir. Sadəcə, hamı istəyir ki, öz komandası daha yuxarıda olsun, daha uğurlu nəticə əldə etsin. Bu gün biz də bunların sırasındayıqsa, bu ifadələri eşitmək özümüz üçün də çox xoşdur. Amma qarşıda bizi hələ xeyli böyük mübarizələr gözləyir".
O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib: "Ola bilsin, öz idman formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Axundzadə ilə Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik".
Qurbanov türkiyəli jurnalistin "Qarabağ"ın bu uğuru təkcə Azərbaycan deyil, bütün türk dünyası üçün qürurverici olaydır. Belə bir duyğunu yaşamaq və yaşatmaq sizin üçün nə deməkdir?" sualını belə cavablandırıb: "Sizi burada görmək xoşdur. Bəli, məlumatlıyıq, hər bir oyunumuzda bizə qardaş ölkədən çox böyük dəstək olur. Fərqi yoxdur: İstər evdə, istərsə də səfərdə oynayaq. Səfər oyunlarımızda Avropada yaşayan türkiyəli qardaşlarımız da iştirak edir, hər bir oyuna çox böyük maraq göstərirlər. Onların hər birinə təşəkkür edirəm. Bu hissləri sözlə ifadə etmək olmaz. Çox xoşdur. Az yox, daha çox azarkeşimiz var, bizə dəyər verən insanların sayı çoxdur. Bu, sadəcə, məsuliyyətimizi daha da artırır, həvəsimiz daha da çoxalır. Biz də çalışırıq ki, oyunlarımızda daha yaxşı nəticələr əldə edək".
Baş məşqçi ilk 2 turda qazandıqları qələbələrdən sonra komandada dəyişikliyin baş vermədiyini diqqətə çatdırıb: "Futbol, ümumilikdə idman elə bir oyundur ki, burada hər dəfə uğur əldə edə bilməzsən. Hətta nə qədər güclü olsan belə. Dəfələrlə bildirmişəm ki, çox böyük klublar bir il Çempionlar Liqasını qazanırlar, amma növbəti mövsümdə bunu edə bilmirlər. Yaxud bir dəfə ölkə çempionu olurlar, növbəti il yox. Biz də kiçik bir futbol ölkəsiyik. Buna baxmayaraq, belə turnirlərdə gələcəyə ümidlə baxmaq üçün həqiqətən də çox böyük təcrübə qazanırıq. Sanki belə böyük oyunlarda qalibiyyətlər əldə etmək lazımdır. Hər il belə qalibiyyətlərimiz olmayıb. Sadəcə, bu mövsüm 2 oyunda 2 qələbə qazanmağımız gələcəyə daha da böyük ümid verir. Öz üzərimizdə daha çox işləsək, daha çox çalışsaq, bu, təkcə klub olaraq deyil, ölkə futboluna böyük ümid, həvəs verər. Nəticədə belə böyük klublara qarşı uğurlu nəticələr əldə etməkdən ötrü çempionatımızın da səviyyəsi yaxşılaşar. Sadəcə, həmişə çalışmışıq ki, öz üzərimizə düşən vəzifəni düzgün və məsuliyyətlə yerinə yetirək. Avropada futbol daha sürətlə və daha çox inkişaf edir. Amma onlara qarşı ən azından düzgün düşünməklə çəkinmədən mübarizə aparmaq missiyamızdır. Belədə uğur bu gün olmasa da, sabah ola bilər. Sadəcə, futbol, "Qarabağ", bu kollektiv varsa, daim iş başında oluruq və nadir qalibiyyətləri səbirsizliklə gözləyirik. İnanıram ki, onu da Allah hansısa vaxt sənə verəcək.
Qeyd edək ki, oktyabrın 22-də Bilbaodakı "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.