
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandada çıxış edən azərbaycanlı futbolçuların müdafiəsinə qalxıb.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə İspaniyada "Atletik"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçından sonra açıqlama verib.
O, son zamanlar Nəriman Axundzadəyə qarşı xeyli təzyiqlərin edildiyini bildirib: "Son vaxtlar Nərimana o qədər təzyiqlər olub ki... Onun 21 yaşı var. Bir baş məşqçi kimi onun yanında olmalıyam, əksinə, potensialını açmağa çalışmalıyıq. Baxsaq, zədə alanadək Nəriman Çempionlar Liqasının Liqa mərhələsinə düşməyimizdə bəlkə də ən böyük pay sahiblərindən olub. Təsnifat mərhələlərindəki hər bir oyunda ya qol vurub, ya məhsuldar ötürmə verib, ya da rəqibə pressinq edib".
Bununla yanaşı, Qurbanov azarkeşlərə də haqq qazandırmağın gərəkliyini diqqətə çatdırıb: "Biz yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün istər Elvin Cəfərquliyev, istər Nəriman Axundzadə, istər Bəhlul Mustafazadə, istərsə də Toral Bayramov ilə rəqibə təzyiq yarada biliriksə, buna ilk növbədə, sevinməli, eyni zamanda onlara inanmalı, güvənməliyik. Bir oyunçuya ilboyu təzyiq varsa və o, meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, o, çox böyük iş görür. Lakin azarkeşlər ilk olaraq məndən, daha sonra kollektivdən daha artığını, daha yaxşısını gözləyirlər. Bugünkü uğurlarımız o uşaqların əziyyətləri, meydanda ürəklərini qoymaları nəticəsindədir".