"İlk növbədə, azarkeşlərə təşəkkür edirəm. Onlar böyük bayram yaşadılar. Onlar böyük futbolun nə olduğunu tam bildilər. Futbolçularıma da təşəkkür edirəm, onlar sonadək ruhdan düşmədilər. Xalqımızı təbrik edirəm. Heç-heçə etsək də, bu, İngiltərə klubları ilə matçda ilk xalımız idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə İngiltərənin "Çelsi" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
53 yaşlı mütəxəssis növbəti rəqiblərin komandasına daha ciddi yanaşacaqlarını bildirib: "Bu, elə bir turnirdir ki, istənilən nəticə ola bilər. Çox istərdik ki, yenə xallar əldə edək. Rəqiblər get-gedə bizə daha ciddi yanaşırlar. "Napoli", "Ayaks" kimi komandalar bizdən xal almağa çalışacaqlar. "Napoli" bu komanda ilə eyni səviyyədədir. Çox yaxşı, dünya səviyyəli baş məşqçisi var. İstənilən oyuna çox ciddi yanaşan rəqibdir".
Qurbanov oyun zamanı zədələnən Kadi Borgesin durumuna sabah aydınlıq gələcəyini də diqqətə çatdırıb: "Zədəsi ciddi ola da, ciddi olmaya da bilər. Xırda sümük zədəsidir. Sabah bilinəcək".







































































