"Araz-Naxçıvan" komandası Portuqaliya "Benfika"sı ilə keçirəcəyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, noyabrın 24-də Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmada 4 oyunçu iştirak etməyəcək.
Covanni, Aleks Mineyro və Filipe Avila cəza üzündən Bakıdakı oyunu buraxacaqlar. Hər üç futzalçı əsas mərhələnin oyunlarında 2 sarı vərəqə alıb.
Alleks Rezende Da Silva isə zədəlidir.
İlk oyun saat 20:00-da başlanacaq.
Komandalar arasında cavab görüşü dekabrın 5-də keçiriləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" 20-ci avrokubok mövsümünü keçirir. Bu göstəricidə yalnız Qazaxıstan "Kayrat"ından geri qalan Azərbaycan təmsilçisi 2013/2014 mövsümündə 3-cü yeri tutub. "Benfika" isə 2009/2010 mövsümünün qalibi və 2003/2004 mövsümünün finalçısı olub. Portuqaliya komandasının aktivində 3 bürünc medal da var. 2019/2020 mövsümünün əsas mərhələsində Lissabon təmsilçisi "Araz-Naxçıvan"ı 7:0 hesabı ilə məğlub edib.











































































