"İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq".
Sportnet.az xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov evdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlər oyunun sonunda sizi istefaya çağırdılar. Buna münasibətiniz necədir?
- İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ ki heç nə deyə bilmərəm.
- Vüsal Məsimovu əvəzləmək istədiniz, amma o meydandan çıxmadı. Məşqçilər korpusu 25 yaşlı futbolçuya sözünü keçirə bilmirsə, digər oyunçulara necə keçirə bilər?
- "Araz-Naxçıvan"la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin.
- Sizin dediklərinizlə meydanda gördüklərimiz üst-üstə düşmür. Həmin epizoddan bir neçə dəqiqə sonra Məsimov texniki zonaya yaxınlaşıb "mən çıxmayacağam" dedi...
- İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun ki, heç bir problem yoxdur.
- "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqibinizdir. Bununla belə, Yevlax şəhər stadionunda onların oynamasına razılıq verilib. Bu, nə dərəcədə düzgündür?
- Buna mən qərar verməmişəm. Rəhbərliyə aid olan sualdır. Suala cavab verə bilmərəm.
- Sizcə, bu gün niyə uduzdunuz?
- Penalti epizodunda futbolçular bir az diqqətsiz yanaşdılar. Rəqibin də, bizim də qol imkanlarımız oldu.
- "Kəpəz", "Karvan-Yevlax" və "Qəbələ" Premyer Liqanı tərk etməyə namizədlər kimi görünür. Sizcə, bu üç komandanın içində zəif bənd kimdir?
- Bu mövsüm mənim Premyer Liqada debütümdur. Çətinliklərimiz çox olub. Deyərdim ki, hamısının şəraiti bizdən yaxşı olub. Meydança problemimiz var idi. İki həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi baş məşqçidə görür.
- Doğma meydanda məğlubiyyətlər davam etdikcə təzyiq çox olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Bu, futbolun bir hissəsidir. Mətbuat da, azarkeşlər də təzyiq edə bilər. Təzyiqdən çıxacağıq və daha yaxşı olacağıq.






































































