"Qarabağ"ın kapitanı Bədavi Hüseynov "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra Sportnet.az-a müsahibə verib.
34 yaşlı müdafiəçi həm bu oyun, həm də Premyer Liqa və Çempionlar Liqasındakı qarşıkı görüşlərlə bağlı fikirlərini bölüşüb:
- Ardıcıl ikinci matçda da uzun müddət rəqibin qapısına yol tapa bilmirdiniz. Bunu necə dəyərləndirmək olar?
- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Üstəlik, baş məşqçi dəyişikliyi olub. Böyük həvəslə oynayırlar. Başa düşürdük ki, kubok görüşü çempionatdan fərqlənir. “Karvan-Yevlax” böyük motivasiya ilə oynayırdı. Bütün bunlara baxmayaraq, öz oyunumuzdan əl çəkmədik. Sona qədər mübarizə apardıq. Öz vaxtımızı gözləyirdik. Ötən oyunda sona yaxın rəqibin müdafiə xəttində boşluqlar yaranırdı. Bu dəfə də elə olacağını ehtimal edirdik. Ona görə səbr etdik və sonda ardıcıl qollar vuraraq qələbə qazandıq.
- Sıx qrafiki nəzərə alaraq yəqin ki, oyunun əlavə vaxta getməsini istəmirdiniz...
- Bəli, istəmirdik. Lakin 120 dəqiqə oynamağa da hazır idik. Ümumilikdə isə əlbəttə, əlavə 30 dəqiqə mübarizə aparmaq daha çox güc itirməyimizə səbəb olardı. Ona görə də çalışırdıq oyunun taleyini 90 dəqiqədə həll edək.
- Dekabrın 6-da çempionatda ən yaxın izləyiciniz “Zirə” ilə görüşəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Bu, artıq “Ayaks”la oyun öncəsi son sınağımızdır. Lazımi tempi saxlamaq üçün “Zirə” ilə görüş vacibdir. Düşünürəm ki, Çempionlar Liqası öncəsi yaxşı sınaq olacaq. “Zirə” çox güclü kollektivdir. Ona görə də bizi maraqlı oyun gözləyir.
- Bütün fikriniz “Ayaks”la oyunda deyil?
- Xeyr, çempionat bizim üçün vacibdir. Rəqiblər bizə qarşı çox ciddi mübarizə aparırlar. Rahatlaşmağa imkan vermirlər. Ona görə də həm formamızı qorumaq, həm də çempionluq baxımından hər matç önəmlidir.
- Hazırda “Ayaks” Çempionlar Liqasında xal toplamayıb və azarkeşlər “Qarabağ” mütləq bu rəqibi məğlub etməlidir deyə düşünürlər. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır?
- Təzyiq yoxdur. Biz elə vəziyyətə çatmışıq ki, hamı “Ayaks”ı mütləq məğlub etməliyik deyə düşünür. Lakin rəqib heç də zəif deyil. İstənilən halda “Ayaks” “Ayaks”dır. Üstəlik, son turlar Niderland çempionatında işləri qaydasına düşüb. Ona görə bizimlə matça da çox ciddi yanaşırlar. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik.
- Bu oyunu “Qarabağ” üçün pley-off baxımından həlledici saymaq olar?
- Çox irəli getmək istəməzdim. Başa düşürəm, hamı “Qarabağ”ı pley-offda görmək istəyir. Biz isə bunu hamıdan çox istəyirik. İndi yalnız “Ayaks”la matçı düşünməliyik. Sonrasına baxacağıq.






































































