
Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən "Zirə” yoxlama oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, "qartallar”ın Ərzurum toplanışındakı ilk rəqibi Gürcüstan təmsilçisi "Şukura” olub.
Görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib.
Baş məşqçi Adil Şükürov əsasən komandanın taktiki-texniki cəhətdən necə vəziyyətdə olmasını və ümumi anlaşmanı nəzərdən keçirib. "Zirə” oyuna Kamal Bayramov, Adil Nağiyev, Sadiq Quliyev, Ruslan Poladov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Tərzin Cahangirov, Luiz Alberto "Tato”, Rəşad Abdullayev, Nicat Qurbanov və Viktor İqbekoyidən ibarət "11-lik”lə çıxıb. Oyunun 2-ci hissəsində isə baş məşqçi əsasən gənclərə şans verib.
Şükürov oyunla bağlı bunları bildirib: "Komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq. Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdi. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə görüləcək işlər çoxdur. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var”.
Qeyd edək ki, "Zirə” növbəti yoxlama oyununu iyulun 25-də Gürcüstanın "Samtredia” klubuna qarşı keçirəcək.