“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi”nin rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycan Premyer Liqasının XXI tur matçı ilə əlaqədar Peşəkar Futbol Liqasının (PFL) qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
O, “Neftçi”nin bu qərarla bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdiyini söyləyib: "Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır. İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv yanaşdığına görə PFL-ə minnətdarlığımı bildirirəm. “Neftçi”yə gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə fevralın 18-də evdə, fevralın 24-də səfərdə qarşılaşacaq. Oyunlar arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində "Qarabağ"ın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klub “Neftçi” ilə fevralın 21-də keçirilməli olan oyunun təxirə salınması ilə bağlı PFL-ə rəsmi müraciət ünvanlamışdı. PFL də öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi”nin razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.