İngiltərə “Nyukasl”ının kapitanı Bruno Gimaraynş zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sportnet.az xəbər verir ki, 29 yaşlı mərkəz yarımmüdafiəçisi “Tottenhem”ə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında arxa bud əzələsindən xəsarət alıb.
Müayinələrin nəticəsinə əsasən, braziliyalı oyunçunun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Klub onun aprel ayınadək oynaya bilməyəcəyini ehtimal edir.
Bu isə o deməkdir ki, Gimaraynş İngiltərə Kubokunda “Aston Villa” ilə görüşü, həmçinin Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq. O, eyni zamanda “Sanderlend”lə Taynsay–Uir derbisində də komandasına kömək edə bilməyəcək.
Braziliya mətbuatında futbolçunun 10 həftəlik sıradan çıxacağı bildirilsə də, İngiltərə mənbələri bu müddətin daha qısa olacağını yazır. Futbolçunun ətrafı isə onun tez sağalacağına inanır: “Bruno tez sağalacaq. O, bədəninə, psixologiyasına və həyat tərzinə ciddi yanaşır. Prosesə inanmalıyıq”.
Oyundan sonra futbolçu özü də zədənin ciddi olmamasına ümid etdiyini bildirib. Baş məşqçi Eddi Hau isə vəziyyətlə bağlı bunları deyib: “Dəqiq bilmirəm. O, bir qədər narahatdır. Deyir ki, indiyədək belə problem yaşamayıb. Əzələ spazmıdır, yoxsa zədə – bunu zaman göstərəcək. Məncə, daha çox zədəyə oxşayır, amma gözləyək”.
Yeganə təsəlli odur ki, Gimaraeş mövsümün həlledici mərhələsini və dünya çempionatının final mərhələsini buraxmayacaq.
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"a qarşı ilk matçını fevralın 18-də evdə, cavab görüşünü fevralın 24-də səfərdə keçirəcək.









































































