"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəldikdə isə birinci hissədə planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Bəlkə də çempionatda ən ucuz qolları biz buraxırıq. Bu, adamı məyus edir. Daha ciddi və məsuliyyətli olmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var: Növbəti matçlarda Məmməd Hüseynova şans verməyi düşünürsünüz?
- Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır. "Turan Tovuz"la oyunda da bir səhvi olmuşdu. Hamısını təhlil edirik. Ölçü götürüləcək.
- Yuri Vernidubla xeyli söhbət etdiniz. Nə barədə danışırdız?
- Ukraynalı keçmiş məşqçi var. Onun barəsində söhbət etdik. Mən də ona "xoş gəldin" dedim.
- Ryonosuke Ohori "Neftçi" ilə oyunlarda meydançada olmayıb. Bunu rəqibinizə jest kimi saymaq olar?
- Sol gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. Biz bununla "Neftçi"yə jest etmirik. Çekini də göstərə bilərəm.
- Rəhbərliyin komandaya dəstəyini hiss edirsiniz?
- Heç bir problemimiz yoxdur. Klub üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.
- Qışda niyə az transfer etdiniz?
- Cefferson Bentunun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiniz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. "Kəpəz" Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim "Kəpəz"dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. "Neftçi" ilə "Kəpəz"in imkanları eynidir? Bəlkə "Sabah"la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Cefferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Ceffersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Fejao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Fejaoya icazə verdik. Cefferson da icazə istəsəydi, ona da veriləcəkdi. Amma icazəsiz getdi, heç kimə xəbər vermədi. Bunlar köhnə seleksiyanın məsələləridir. Azərbaycanda heç kimin etmədiyini onun üçün etmişik. "Şamaxı" ilə oyundan öncə o, məşqə butssuz gəlmişdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu. Klubun ona borcu yoxdur. Bütün bonusları verilib.














































































