"Bura çox gözəl əhval-ruhiyyədə gəlmişik".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Nyukasl"ının baş məşqçisi Eddi Hau Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının ilk pley-off matçından əvvəl mətbuat konfransında deyib.
O, "Çelsi" və Liverpul"la oyunların hazırlıq üçün kömək etdiyini bildirib: "Rəqibimizin ötən oyunlarını yaxşı təhlil etmişik. Onlar formalaşmış, keyfiyyətli oyun üslubuna malikdirlər. Xüsusən, "Çelsi" ilə matç hər iki tərəf üçün çətin keçmişdi. Həmin oyunu diqqətlə nəzərdən keçirmişik. Bizi çətin oyunun gözlədiyini deyə bilərəm. Bu mərhələ pley-offdur və burada qələbə qazanmaq bizim üçün son dərəcə vacibdir. Çox uzun və çətin yol keçmişik. Bu imkandan yaxşı yararlanmaq istəyirik. Tarixi şansdan yararlanmaq, son iki matçdakı nəticələrimizi burada da sərgiləmək niyyətindəyik. Müəyyən yorğunluğumuz var. Buna baxmayaraq, yaxşı nəticə əldə etmək əzmindəyik. Son oyunlarda göstərdiyimiz uğurlu performansın davamını Baklıda da gətirmək istəyirik. Hazırda əlimizdən gələni etmək istəyirik. Bu istiqamətdə analizlər aparmışıq".
Hau komandasını çətin oyunların gözlədiyini bildirib: "Bəzi oyunçularımız zədəlidir, üstəlik, sıx oyun qrafikimiz var. Bu amilləri nəzərə almışıq. "Qarabağ"ın aqressiv oyun tərzi var. Amma hansısa komanda ilə müqayisə edə bilmərik. Kimisə xüsusi fərqləndirmək, hansı oyunçuların bizə çətinlik yaradacağını demək istəməzdim. Hazırda bu komandada izlədiyimiz futbolçu yoxdur. Amma texniki baxımdan, güclü futbolçularınız var. Bəziləri yaxşı qollar vurublar. Cinahlarda güclü oyunçularınız var ki, bu da oyunuza əlavə dinamika qatır. Coni Montiel və Kamilo Duranı qeyd edərdim".
O, rəqib həmkarı Qurban Qurbanov barədə də danışıb: "Açığı, onunla bağlı çox araşdırma etmədim. Amma bir komandanın başında uzun müddət qalırsa, bu, böyük tərifə və hörmətə layiqdir. O, kifayət qədər çətin turnirdə uğurlu nəticələr qazanır. Komanda Qurbanovun rəhbərliyi altında keyfiyyətli oyun sərgiləyir. Təbii ki, oyunlarımız asan olmayacaq".
Baş məşqçi kapitan Bruno Gimanraynşın sabahkı matçda oynamayacağını təsdiqləyib.











































































