İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola "Qarabağ"ın "Nyukasl"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu dəyərləndirib.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis fevralın 18-də Bakıda keçirilmiş qarşılaşmanı seyr etdiyini bildirib.
Onun sözlərinə görə, ilk yarıda hesabın daha böyük olmasına Mateuş Koxalski imkan verməyib: “Bu, möhtəşəm qarşılaşma idi. Fasiləyə qədər hesab 0:5 idi, hətta 0:9 da ola bilərdi. Qapıçı üç-dörd inanılmaz seyv etdi. Ritm, temp, intensivlik – Çempionlar Liqasına vəsiqə qazandıqları vaxt Eddi Hau ilə xatırladığım “Nyukasl” məhz budur".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyun "Nyukasl"ın qələbəsi ilə yekunlaşıb - 6:1. Cavab görüşü fevralın 24-də "Sent Ceyms Park"da olacaq.













































































