"Araz-Naxçıvan"ın futbolçusu Coşqun Diniyev səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra Sportnet.az-a müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə qarşılaşmanı dəyərləndirib:
- Oyunun çətin keçəcəyini bilirdik. Rəqibin son pillələrdə olmasına baxmayaraq, bir çıxış edəcəyini düşünürdük. Bu, onlar üçün yaxşı şans idi. Öz meydançalarında oynayırdılar. Biz isə süni örtükdə oynamağa alışmamışdıq və günorta saatlarında çıxış etmək komandamız üçün bir qədər çətin idi. Bununla belə, istəyimiz 3 xal idi. Qalib gəlməli idik ki, liderlər qrupundan aralanmayaq. Xüsusən də ona görə ki, əsas rəqiblərimizdən "Zirə" və "Sumqayıt" da ilk oyun günündə xal itirmişdi. Bu baxımdan, düşünürəm ki, çox önəmli 3 xal qazandıq.
- Yeni baş məşqçinin gəlişi komandanızda hansı dəyişikliklərə səbəb olub?
- Əlbəttə, hər bir baş məşqçinin öz sistemi var. Futbolun yazılmayan qanunu belədir ki, yeni baş məşqçinin gəlişi ilə futbolçular daha motivasiyalı olur, özlərini daha da müsbət tərəfdən göstərmək istəyirlər. Baş məşqçi Andrey Demçenkonun bizə aşılamaq istədiyi taktikanı vaxt keçdikcə öyrənir və bunu meydançada tətbiq etməyə çalışırıq. Vaxt keçdikcə alınır. Son oyunlarda da göründü ki, baş məşqçinin istəklərini yerinə yetiririk. Davamı da gələcək. Demçenkonun dediklərini edə bilsək, daha yaxşı "Araz-Naxçıvan" olacağıq.
- Klub rəhbərliyi ilə bağlı baş verən olayların "Araz-Naxçıvan"a təsiri varmı?
- Xeyr, heç bir təsiri yoxdur. Sağ olsun Zaur müəllim (Naxçıvan Futbol Federasiyasının prezidenti və "Araz-Naxçıvan"ın qeyri-rəsmi rəhbəri Zaur Axundovu nəzərdə tutur - red.), komandaya hər zaman dəstəyini göstərib və bu gün də göstərir. Kollektivdə hər şey qaydasındadır. Bu günə qədər bütün ödənişlərimizi almışıq. Ödənişlər vaxtlı-vaxtında edilir. Bu baxımdan, heç bir problem yoxdur. Bundan sonra da hər hansı problemin olacağına inanmıram.
- "Araz-Naxçıvan"ın prezidenti Ramin Axundov bir müddətdir axtarışa verilib. Bu, klubda hər hansı çətinlik yaratmır?
- Açığı, mən işin tam dərinliyində deyiləm, nəyin necə olduğunu bilmirəm. Amma komandada hər şey qaydasındadır və hamı həyatına davam edir.
- Azərbaycan millisinin mart qarşılaşmalarına dəvət gözləyirsiniz?
- Əlbəttə, hər bir futbolçu milliyə dəvət gözləyir. Çağırış gəldiyi müddətdə hamımız üçün yığmaya getmək qürurdur. Dəvət olsa, lap yaxşı. Olmasa, çalışacağam ki, millinin növbəti toplanışlarına çağırılmaq üçün özümü yaxşı tərəfdən göstərim.
Haşım MƏMMƏDOV


















































































