"Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl görüşlə bağlı fikirlərini bölüşüb:
- Hər iki komandanı bu gün göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik.
- "Sabah"ın hesabı bərabərləşdirməsindən sonra önə keçməsinə nə çatmadı?
- İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin bizə göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
- İqor Noqeyranın yoxluğunda, Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?
- Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Daşdəmirov iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım.
- Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Siz bu fikirlə razısınızmı?
- Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.
- Növbəti mövsüm "Sabah"ın avrokuboklarda daha uğurlu olması üçün sizin rəhbərliklə transfer barədə hər hansı bir söhbətiniz olubmu?
- Mən hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda barədə idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq.
- Komandanın hər iki cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?
- Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür - red.).
- Bu il "Sabah"dan gözləntilər böyükdür. Mətbuatda Aleksey Kaşukla maraqlandığınız qeyd olunur. Transferlər barədə düşüncələriniz necədir?
- Onu deyə bilərəm ki, "Sabah" çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Bu barədə bizim kollektivimiz ümumilikdə birlikdə işləyir. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşukla bağlı yayılan xəbərlər şayiələrdir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq.










































































