Gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Qayıbov aprelin 3-də UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri kimi İstanbulda “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.
Həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunda Nəcməddin Bilal Ərdoğanla və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.
Aprelin 4-də isə Qayıbov Beynəlxalq Etnosport Forumunun açılış mərasimində çıxış edib.
Nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ”ın U-12 və “Sabah”ın U-14 komandaları ilə görüşüb. Həmçinin TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə - Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Aşkın Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib.
Qeyd edək ki, Milli Məclisin komandası turnirin gümüş medalını qazanıb.