Arsenal üçün uğursuz gecə daha da ağırlaşıb. Komandanın əsas müdafiəçilərindən biri olan Gabriel Magalhães ikinci hissədə zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun mümkün yoxluğu London klubunun həm Premyer Liqa çempionluğu uğrunda mübarizəsinə, həm də Çempionlar Liqası çərçivəsində qarşıdakı 1/4 final oyunlarına ciddi təsir göstərə bilər.
Baş məşqçi Mikel Arteta matçdan sonra keçirilən mətbuat konfransında müdafiəçinin vəziyyətinə münasibət bildirib. O, futbolçunun özünün əvəzlənməsini istəməsinin narahatedici məqam olduğunu qeyd edib:
“Bilmirəm. Düşünürəm ki, nəsə hiss etdi. Dəqiq nə baş verdiyini bilmirəm. Onu müayinə etməliyik. Amma əlbəttə, futbolçu özü oyundan çıxmaq istəyəndə, bu yaxşı xəbər olmur.”
Qeyd edək ki, Gabrielin zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinələrdən sonra dəqiqləşəcək.










































































