AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun FIFA referisi Əliyar Ağayevi "Turan Tovuz" - "Zirə" matçındakı hər iki mübahisəli epizodda haqsız çıxarmasına təəccüblənmədim. Açığı, bunu gözləyirdim də. Çünki Həsənov gələndən bəri AĞayevi QARAlamışdı.
Girəvə gəzirdi, fürsət axtarırdı. Hər imkandaca cəzalandırmaq "eşq"inə düşmüşdü. Axırda elə yerdən vurdu ki, öldürücü oldu. Bundan sonra çətin ki, Əliyar Ağayevdən, necə deyərlər, adam olsun. "Sabah" klubunun ötən mövsümdən çalışıb-vuruşduğu da məhz bu idi. Təsadüfə bax ki, o da yarımfinala təsadüf etmişdi.
Həmin vaxt "Neftçi" ilə ilk oyunda penaltinin təyin olunmamasına görə VAR hakimi Rauf Allahverdiyevi AFFA-nın əli ilə futboldan sildirən "Sabah"ın Əliyar Ağayevə gücü çatmamışdı. Çünki Hakimlər Komitəsinin ovaxtkı sədri belçikalı Frank De Blekere idi və ona sifariş verməyə cürət lazım idi.
Rəhim Həsənov isə özümüzünküdür axı, müsəlmançılıq, "mən ölüm, sən öl" prinsiplərinə əməl edə bilir, xahiş və ya sifarişi yerinə yetirməyi bacarır.
Budur, məqamı yetişdi!
Amma Həsənov "Qarabağ" və "Sabah" arasındakı digər yarımfinal görüşünün baş hakimi Rauf Cabarovun heç bir qərarına zidd gedə bilmədi. Təbii ki, "Qarabağ"ın qapısına təyin olunmuş penaltini haqlı saydı, Ağdam komandasının penalti istədiyi iki epizodu isə Cabarovun lehinə şərh etdi.
Buradan "bayquşun quyruğu" aydın görünməyə başlayır. Doğrudanmı "Qarabağ" ən azından birinci epizoddakı penalti tələbində haqsız idi?!
Hakim onların, meydan onların, dövran onların. Elə hakimləri oyunlara göndərən qurum da! Hər aşığın isə öz dövranı var!
Lakin "Sabah"ın istəyi təkcə bunlar deyilmiş, tribunaya da iddialı imişlər. Necə?
Deməli, "Qarabağ" 15 yaşadək uşaqlar və xanımların stadiona pulsuz buraxmağı qərara alıb. Nəticədə oyuna 21 minədək tamaşaçı gəlib.
Bunu görən "Sabah" da özünün bu kateqoriyada olan şəxslərinə havayı bilet istəyib. Klubun bəzi "təəssübkeşlər"i hay-küy qaldırıblar ki, "Qarabağ" niyə "Sabah"ın uşaq və xanım azarkeşlərinə bilet satır? Sanki bilərəkdən insanları Ağdam komandası əleyhinə qaldırmaq istəyirdilər.
Amma ortada sadə məntiq var: "Qarabağ" "Sabah" üçün Tofiq Bəhramov adına Respublika stadionunun ümumi tutumunun 5 faizi həcmində, yəni, 1500 bilet ayırıb. Bu biletləri kimlərə paylamaq və ya satmaq isə "Sabah"ın işidir.
Belə görünür ki, özünü Bakı klubu kimi aparmaq istəyən Masazır təmsilçisi uşaq-qadın demədən biletləri hamıya satıb. Sonra da etirazlar olanda deyib ki, bizlik deyil, "Qarabağ"lıqdır.
"Sabah"ın uşaqlara cəmi bir pulsuz jestini xatırlayıram. O da ötən il bukmeyker şirkətinin sponsorluğu ilə uşaq futbolçular seçimi idi. Görəsən, Adıgözəlov bu yolla uşaqları futbola, yoxsa mərc oyunlarına cəlb etmək istəyirdi?
Gərək mübarizəni meydanda aparanda da ədalətlə aparasan. Belə yollarla nəyəsə nail olmağın qeyri-mümkünlüyünü zaman keçdikcə hər kəs görəcək!














































































