"Futbolçularıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Qalib gələ bilməsək də, son saniyələrədək yaxşı mübarizə getdi. Qalibiyyət və qol vurmaq üçün çoxlu güc sərf olundu. Belə hallar da olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Ayxan Abbasova, "Şamaxı"ya, komandasına uğurlar arzulayıram.".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Daha 2 xal itirdiniz. Bu nəticə komandanıza nə dərəcədə təsir edəcək?
- Əslində çoxdan təsir edib. Ehtiyatda bir oyunumuz olsa da, liderlə aramızdakı 10 xallıq fərq az deyildi. Özü də "Sabah" kimi çox yaxşı oyun göstərən komanda ilə. Qarşıdakı oyunlarda daha pozitiv olmalı, futbolçuların idman forması, oyun düşüncələri və peşəkarlıqlarını meydançada daha da yaxşılaşdırmağa çalışacağıq.
- Yəqin ki, bundan sonra diqqətinizi yalnız Azərbaycan Kubokuna yönəldəcəksiniz...
- Xeyr, niyə ki?! Çempionatda da qarşıda maraqlı oyunlarımız var. Ən azından, azarkeşlər üçün yaxşı futbol sərgiləmə baxımından "Sabah" və "Neftçi" ilə 2 oyunumuz olacaq. Sonadək mübarizə aparacağıq. Titul məsələsinə gəldikdə, elə mövsümlər də olur ki, sanki alınmır.
Dediyim 3 nüansı yaxşılaşdırmağa çalışmalı və sonadək azarkeşlərimiz üçün yaxşı oyun göstərməliyik. Amma istənilən halda, mübarizəmiz sonadək olacaq.
- "Qarabağ"ın Müşahidə Şurasının bir neçə gün əvvəl keçirilmiş iclasından belə qənaətə gəlmək olarmı ki, heyətdə köklü islahatlar olacaq?
- Komanda elə bir şeydir ki, düşüncələrimizlə istəyimizi dərhal həyata keçirmək mümkün olmur. Bəli, hansısa dəyişiklik etmək istərdik. Komandaya yeni futbolçular cəlb etmək niyyətindəyik. Amma daha soyuqqanlı davranmalı, daha ehtiyatlı olmalıyıq. Yəni, 50 faiz və daha çox dəyişsək, necə olar? Amma dəyişmək yox, futbolçu götürməyə, güclənməyə daha çox ehtiyacımız var.
- Abdullah Zubirin Qətər klubuna keçəcəyinə dair xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Məndə belə bir məlumat yoxdur.
- Mövsümün gedişində futbolçularınıza təkliflərin olduğunu bildirirdiniz. Bunların hazırkı durumunuza nə dərəcədə təsiri oldu?
- Yüz faiz təsiri oldu. Amma artıq nəyisə düzəltmək üçün gecdir. Hər bir futbolçumuz uğurlu mövsüm keçirdi. Həm Çempionlar Liqasında yığılan xallar, həm oyun performansı, həm də futbolçularımızın 70-80 faizinə təkliflərin gəlməsi onların özlərini ələ almaları baxımından istər-istəməz çətin oldu. Belə deyək, olan oldu. Amma başa düşürük ki, bunlar futbolun silinməyən qanunlarıdır. Təkliflər də, hansısa futbolçu ilə maraqlanma halları da həmişə olub. Lakin bizim kimi yeni üzə çıxan komandaya mənfi təsir göstərdi. Lakin hər bir halda futbolçuları toparlamağa, öz oyunumuzu yaxşılaşdırmağa çalışdıq. Belə də davam edəcəyik.
- Legionerlərlə müqayisədə yerli futbolçulara xaricdən çox da təklifin gəlməməsi nə ilə əlaqədardır?
- Yerlilərə də təkliflər var idi. Yəqin ki, komandada əcnəbilərimiz çox olduğu üçün təkliflər daha çox legionerlərə gəldi (gülür - red.)
.

















































































