"Sabah" Fransa təmsilçisi "Lill II"də çıxış edən Yunes Laşabla maraqlanır.
Sportnet.az xəbər verir ki, bu barədə Afrika mətbuatında məlumat yer alıb.
21 yaşlı vingerin Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah”a transfer olunacağı iddia edilir.
Mayın 14-də yayılan transfer məlumatında keçidin hələlik ilkin mərhələdə olduğu və ehtimalın dəqiq göstərilmədiyi vurğulanıb.
Hücum xəttinin müxtəlif mövqelərində oynaya bilən, əsasən sol cinah vingeri kimi çıxış edən futbolçu hazırda “Lill”in ikinci komandasında forma geyinir. Fransa və Əlcəzair vətəndaşlığına sahib olan Laşabın transfer dəyərinin 50 min avro olduğu qeyd edilib.
Onun azad agent kimi komandadan ayrıla biləcəyi ehtimalı da istisna olunmur.
Qeyd edək ki, Yunes Laşab "Lill"in əsas komandası ilə 2-si Liqa 1, biri UEFA Çempionlar Liqası olmaqla ümumi 3 matça çıxıb. Hər üç görüş də ötən mövsümə təsadüf edib.












































































