“Bolonya”nın futbolçusu Conatan Rou Avropanın bir neçə klubunun transfer hədəfinə çevrilib.
Sportnet.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı ingiltərəli vingerlə “Çelsi” və “Mançester Yunayted” yaxından maraqlanır.
Rou üçün ən israrlı klubun “Çelsi” olduğu qeyd olunur. London təmsilçisi uzunmüddətli izləmələrdən sonra futbolçunu transfer siyahısına daxil edib. “Zadəganlar” onu hücum xəttinə dinamika qata biləcək gənc və perspektivli oyunçu kimi görür.
Bununla belə, “Mançester Yunayted” də mübarizədədir. “Qırmızı şeytanlar” “Norviç” akademiyasının yetirməsi olan futbolçunu yaxından izləyir və skautlarını onun oyunlarına göndərir.
Conatan Rou ilə Premyer Liqadan “Aston Villa” da maraqlanır. Bundan başqa, Türkiyə nəhəngi “Qalatasaray” da futbolçunun durumunu izləyən klublar sırasındadır. İstanbul təmsilçisi ona Çempionlar Liqasında çıxış etmək və daha yüksək maaş qazanmaq imkanı təklif edə bilər.
Rou üçün Premyer Liqaya qayıdış karyerasında böyük addım sayıla bilər. Futbolçunun İngiltərə millisinin əsas heyətinə düşmək şanslarını artırmaq istədiyi də vurğulanır.
“Bolonya” futbolçunu layihəsinin əsas hissəsi kimi görür və onu yalnız real dəyərinə uyğun təklif gələcəyi halda buraxmağa hazırdır.














































































