İspaniya millisinin və "Barselona" komandasının futbolçusu Fermin Lopes 2026-cı il dünya çempionatını buraxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi əməliyyat olunub və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Lopes mayın 17-də "Betis"ə 3:1 hesabı ilə qalib gəldikləri İspaniya çempionatının XXXVII tur matçında sağ ayağının beşinci daraq sümüyünü sındırıb. O, İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün geniş heyətinə daxil edilmişdi.
ABŞ, Kanada və Meksikada keçiriləcək mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək. İspaniya H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.
Fermin Lopes 2023-cü ilin yayından “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisi ilə iki dəfə İspaniya çempionu (2025, 2026), bir dəfə ölkə kubokunun (2025) və Superkubokunun (2026) qalibi olub.
Yarımmüdafiəçi 2024-cü ildə isə İspaniya millisi ilə Avropa çempionu və Olimpiya Oyunlarının qalibi adını qazanıb.








































































