Ağdamın "Qarabağ” klubunun təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi 2-ci hazırlıq matçının başlama saatı müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu Rusiyanın "Krasnodar” klubu ilə Bakı vaxtı ilə 19:00-da qarşılaşacaq.
Komandanın Avstriyada keçirilən dünənki tək məşqində Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb. "Şaxtyor” la oyunda yüngül zədə alan "Qarabağ”ın yeni transferi Danilo Dias da kollektiv çalışmalarda iştirak etməyib.
100 dəqiqə davam edən hazırlıqda yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışılıb. Yüksək tempdə davam edən məşq yüngül qaçışla başa çatıb.
Qeyd edək ki, "Qarabağ” klubu ilk yoxlama matçında Ukrayna çempionu "Şaxtyor" la qarşılaşmada 0:2 məğlub olub.