AFFA-nın İntizam Komitəsi I divizionda mübarizə aparan "Göyəzən"in futbolçusu Fazil Vəliyevi 3 oyunluq cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun "Mil-Muğan"la səfər oyununda azarkeşləri təhqir etməsidir.
Nəticədə futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub və klubu 200 manat cərimələnib. Üstəlik komandanın heyətində Arzuman Vəliyev ikinci "sarı" aldığı üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçuya 1 oyun, klubuna isə 20 manat cərimə yazılıb. "Göyəzən"in cəzası bununla da bitməyib. Komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
XII turun "Şəmkir" – "Şərurspor" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat ziyana düşüb. Oyunun 89 -cu dəqiqəsində "Şəmkir"in futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
"Turan Tovuz" – MOİK matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində "Turan Tovuz"un futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
"Zaqatala" – "Qaradağ-Lökbatan" matçının 56 - cı dəqiqəsində zaqatalalıların heyətində Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.