Azərbaycan I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubu heyətini yeni futbolçularla gücləndirib. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Nizami Sadıqov bildirib.
N.Sadıqov Kazım Kazımlı və Elvin Mirzəyevdən əlavə, Asim Mollazadə və gürcüstanlı Giorgi Asatiani ilə müqavilə bağlandığını bildirib. Bundan başqa, təcrübəli mütəxəssis iki nigeryalı oyunçunun da klubun düşərgəsinə gəldiyini açıqlayıb.
Onun sözlərinə görə, yeni transferlər komandanın ilk dövrədəki oyunlarının qaneedici olmaması səbəbindən edilib: "Bizim ikinci dövrədə qarşımıza qoyulan məqsəd ilk beşlikdə olmaq idi. Amma fasiləyə 10-cu yerdə çıxdıq. Buna görə də bəzi oyunçuları göndərərək, yeniləri ilə anlaşdıq".
Baş məşqçi "Turan Tovuz"un son yoxlama oyununu Gürcüstanın "Rustavi" komandasına qarşı keçirdiyini və səfərdə 1:0 hesablı qələbə qazandığını bildirib. Artıq qonşu ölkədən qayıdan komanda hazırlıqlarını Tovuz şəhər stadionunda davam etdirir.
Qeyd edək ki, "Turan Tovuz" I Divizionun ikinci dövrəsində ilk oyununu Qazaxda "Göyəzən"ə qarşı keçirəcək.