Sabah Azərbaycan kuboku uğrunda mübarizədə əsas mərhələ başlayır. Sportnet.az-ın məlumatına görə, məhz 1/4 final mərhələsindən başlayaraq gərgin, maraqlı mübarizəyə şahidlik etmək olar. Özü də məhz bu mərhələdə qalib 1 yox, 2 oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Bu isə təsadüfi nəticənin mümkünlüyünü aradan qaldırır.
Cütlərə nəzərə alsaq, kubokda az görüşdüklərini görə bilərik. "Rəvan” – "İnter” və "Zirə” – "Qəbələ” cütlərində tərəflər ümumiyyətlə, ilk dəfə bu turnirdə münasibətlərini aydınlaşdıracaqlar. "Qarabağ” ilə "Sumqayıt”ın kubokda yolları cəmi 1 dəfə kəsişib. Onda (2011/12 mövsümündə) 1 oyundan ibarət olan 1/8 final matçı Ağdam klubunun evdə böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0.
Yalnız "Xəzər Lənkəran” – "Neftçi” cütündə tarix olsa da, bu, cəmi 3 oyundan ibarətdir. Özü də həmin dövrlər "Xəzər Lənkəran”ın yaxşı vaxtları idi. "Neftçi”nin 2010/11 mövsümündə Arif Əsədovun baş məşqçiliyi dövründə "qızıl dubl” arzusunun üstündən məhz "ağ-yaşıllar” xətt çəkdi. Maraqlıdır ki, onda da komandalar məhz 1/4 finalda üzləşmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyun həmin mövsümün ən baxımlı matçlarından sayıldı. Necə də olmasın? Azarkeşlər 7 qolun şahidi oldular. Lənkəranlılar o vaxtkı legionerləri Uinston Parks ilə Julius Vobayın gözəl oyunu sayəsində səfərdə 4:3 hesabı ilə qalib gəldilər. Bununla da cütün qalibi olmaq şansını artıran cənublular üstünlüyünü evdəki cavab matçında əldən vermədilər – 1:1. Yeri gəlmişkən, "Xəzər Lənkəran” rumıniyalı baş məşqçisi Mirça Rednikin vaxtında həmin mövsüm ölkə kubokunun qalibi oldu və bu, komandanın turnirdə son zəfəridir.
Düzdür, "ağ-yaşıllar” 2013-cü ildə bu uğuru təkrarlamağın bir addımlığında idilər. Ancaq finalda məhz "Neftçi” məğlubiyyət buna imkan vermədi. Nəticədə "ağ-qaralar” Böyükağa Hacıyevin baş məşqçisi olduğu həmin 2012/13 mövsümünü "qızıl dubl”la başa vurdular. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə keçən final mübarizənin taleyini oyunsonrası penaltilər həll etdi. "Neftçi” 5:3 hesabı ilə qalib oldu. "Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşakın rəqibin serbiyalı qapıçısı, penaltilərin qəhrəmanı olan Saşa Stamenkoviçə narazılığı bildirməsindən sonra ara qarışdı və futbolumuzda ən böyük qalmaqallardan biri, kütləvi dava-dalaş yaşandı. Nəticədə tərəflər AFFA-nın İntizam Komitəsi tərəfindən ciddi cəzalara, böyük məbləğdə cərimələrə məruz qaldılar.
Çempionatda son pillənin sahibi "Rəvan”ın cari mövsümdə bir qayda olaraq uduzduğu "İnter”lə dueldə şansı azdır. Bu cütün qalibi yarımfinalda "Qarabağ”la "Sumqayıt”ın mübarizəsinin güclüsü ilə görüşəcək. Burada "Qarabağ” aşkar favorit olsa da, liderin cari çempionatda "Sumqayıt”a hələ ki qalib gəlməməyi, ilk məğlubiyyətini (səfərdə 0:1, evdə 2:2) ondan alması diqqət çəkir.
"Xəzər Lənkəran” cari çempionatda "Neftçi” ilə oyunların balansında geridədir – evdə 0:2, səfərdə 1:1, 1:0. Ancaq cənub klubu heyəti zəifləsə belə, "Böyük oyun”da özünü yaxşı tərəfdən göstərə bilməyini elə qış fasiləsindən sonra sübut edib. "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev debütünü məhz Lənkəranda tarixi qələbə, "Fırtınalar meydanı”nda ilk qalibiyyətlə qeyd edib.
"Zirə” ilə "Qəbələ” isə çempionatda turnir cədvəlidə "qonşudur”lar. İkinci yerdə gedən debütant Qəbələnin eyniadlı təmsilçisini 6 xal qabaqlayır. Roman Qriqorçukun komandası "Zirə”ni hələ məğlub edə bilməyib. Evdə rəqibi ilə qolsuz bərabərliyə qalan "Qəbələ” səfərdə minimal hesabla uduzub.
Mehman Süleymanov