"Kubokda cütün taleyini 50 faiz həll etdiyimizi demək olar. Səfərdə 2 qol vurmağımız doğrudan da yaxşı oldu və bizə böyük üstünlük qazandırdı”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib. Azərbaycan Kuboku uğrunda 1/4 final mərhələsində "Zirə”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən 33 yaşlı yarımmüdafiəçi azarkeşlərin baxımlı matç izlədiklərini bildirib. Onun sözlərinə görə, hər iki komanda gözəl oyun sərgiləyib: "Düzdür, rəqib bir az əks-hücumlara bel bağlamışdı. Ancaq biz tam açıq futbol oynayırdıq. İstər azarkeşlər, istərsə də özümüz üçün maraqlı oyun keçdi. Layiqli də qələbə qazandıq”.
"Qəbələ”nin hesabı açmasından az sonra "Zirə”nin vurduğu bərabərlik qolu bir qədər gözlənilməz oldu. Rəşad bunu ani diqqətsizliyin nəticəsi sayır: "Futbolda səhv olmasa, qol olmaz. Hansısa futbolçu səhv eləməlidir ki, ya rəqib, ya da biz qol vuraq. Biz bir səhv etdik, onlar da bundan maksimum istifadə etdilər. Buna baxmayaraq oyunumuzu davam etdirdik, ruhdan düşmədik və qələbə topunu da vurduq”.
"Qırmızı-qaralar” hər 2 qolu standart vəziyyətdən vurdular. Sadiqov bunu xüsusi işlənilmiş "ev tapşırığı” saymır: "Sadəcə, hər dəfə standart vəziyyətlərdə ucaboylu futbolçularımızdan yararlanmağa çalışırıq. Baş məşqçimiz da bunu tapşırır. Düzdür, başqa qol epizodlarımız da vardı. Ancaq elə alındı ki, "Zirə” ilə matçda "standart”dan qollar vura bildik. Bizə deyilməmişdi ki, müdafiədən oynayaq. Hər bir zaman hücum etmək və qollar vurmaq lazım idi. Baş məşqçimiz də bunu demişdi ki, evdəki matçı daha asan oynamaq üçün səfərdə qollar vurmaq lazımdır. Komandamız bu tapşırığı tam yerinə yetirdi”.
"Qəbələ”ni Premyer Liqanın növbəti turunda Sadiqovun bir vaxtlar kapitanı olduğu "Neftçi” ilə səfər oyunu gözləyir. Rəşad hazırkı komandasının həmin matçın favoriti olduğunu deməyi düzgün saymır: "Deməzdim ki, "Neftçi” ilə oyunda favorit biz olacağıq. Rəqib evdə oynayır. "Neftçi”nin heyəti əsasən gənclərdən təşkil olunub, "qaçan”, mübarizə aparan komandadır. Qələbə üçün əlimizdən gələni edəcəyik. Bizə bundan sonra xal itkisi yolverilməzdir. Çünki "Qarabağ” ilə "Zirə” "Qəbələ”dən çox aralanıb. Bu üzdən xal fərqinin artırmasına yol verməməli, xal ehtiyatımızı maksimum artırmalıyıq”.
Təcrübəli futbolçu "Qəbələ”nin sonadək həm çempionluğa, həm də kuboku qazanmağa oynayacağını söyləyib: "Hansını qazanırıqsa, qazanaq. Ola bilər ki, ikisinə də sahib olaq. Əsas odur ki, hər iki titula iddialıyıq və gücümüz iki "cəbhə”də mübarizə aparmağa imkan verir”.
Mehman Süleymanov