"Xəzər Lənkəran” bu il ilk dəfə qalib gəlib. Sportnet.az-ın məlumatına görə, cənublular köhnə-yeni baş məşqçisi Elbrus Məmmədovun rəhbərliyi altında qış fasiləsindən sonra ilk qələbəsini qazanıb. Bu, "Neftçi” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinə təsadüf edən "Böyük oyun”da olub. Maraqlıdır ki, lənkəranlılar fasilədən sonra nəinki qalib gələ, qol da vura bilməmişdi. Ancaq prinsipial rəqilə oyundan birdən-birə 3 qol vurmaq mümkün oldu.
Elbrus Məmmədov üçün əsas komandada növbəti qələbə 291 gündən sonra gerçəkləşdi Belə ki, "Xəzər Lənkəran” sonuncu qələbəsini ikinci dövrədə – 11-cü turda "Rəvan”la oktyabrın 31-də keçirilən səfər matçında (1:0) qazananda baş məşqçisi Yunis Hüseynov idi. Komandanın 45 yaşlı hazırkı çalışdırıcısı isə ötən mövsümün ikinci yarısında da onun "sükanı arxası”nda idi. Həmin vaxt son qələbə çempionatın sonuna iki tur qalmış – mayın 16-da evdə AZAL üzərində qazanılmışdı. Qələbə topunun müəllifi 80-ci dəqiqədə keçmiş kapitan Rahid Əmirquliyev olmuşdu.
Xatırladaq ki, Elbrus Məmmədov "Xəzər Lənkəran"ın əvəzedici heyətinin baş məşqçisi olub.
Mehman Süleymanov