
"Neftçi”nin Muşahidə Şurasının sədri Çingiz Abdullayev "Qəbələ” ilə oyundan sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq oyunlar bağlı fikirlərinizi bildirərdiniz...
- Gördüyünüz kimi, ilk hissədə yaxşı oynadıq, hesabda irəlidə idik. Ancaq təəssüf ki, ikinci hissədə hər şey dəyişdi. "Qəbələ” 2 qol vurdu və qalib gəldi. Təbii ki, nəticə, oyun, "Neftçi”nin hazırda tutduğu 7-ci yer bizi qətiyyən qane edə bilməz. Ancaq biz xəttimizi davam etdirmək istəyirik. Məqsədimiz odur ki, komandada gənc futbolçular, yerli oyunçular çox olsun. Bizim gördüyümüz işlər, bu il bəzi uğurlarımız oldu. Çox sağ olsun, SOCAR, AFFA "Bakcell Arena”nı "Neftçi”nin balansına keçirmişik. "İsmət Qayıbov”da böyük baza tikirik. Bu işləri davam edəcəyik. Ancaq əsas komandada vəziyyəti necə yoluna qoymağı da düşünürük.
- Əsgər Abdullayev oyundan sonra mətbuat konfransında istefa verdiyini deyib. Bunu qəbul edəcəksiniz?
- Əsgər Abdullayev bunu deyib. Ancaq məndə onun istefa ərizəsi hələ yoxdur. İndi biz bu məsələyə Müşahidə Şurasında baxacağıq. Bu qurumumuz qərar çıxarmışdı ki, yanvarın əvvəlində əcnəbi baş məşqçimiz olacaq. Doğrudan da danışıqlar aparırdıq. Ancaq dekabrda vəziyyət dəyişdi, məlum devalivasiya oldu. Sonda da qərar çıxdı ki, "Neftçi” Emil Mpenzaya 1 milyon borcludur. Bu pulu da ödəməli idik, bunu etməmək olmazdı. Təbii ki, bu məbləğlər klubun büdcəsindən gedirdi. Ona görə də Əsgər müəllimdən xahiş etdik ki, yeni ildən sonra da fəaliyyətini davam etdirsin. Ancaq onunla ilkin danışığımız belə olmuşdu ki, ötən ilin sonunadək baş məşqçi olsun. Təbii ki, bundan sonra yeni baş məşqçi olmalıdır. Özü də yaxşı mütəxəssis. Bunu tapmağa çalışacağıq.
- Yenə əcnəbi mütəxəssis axtaracaqsınız?
- Baxarıq. Əsas odur ki, yaxşı mütəxəssis olmalıdır. Mütləq deyil ki, əcnəbi olsun. "Qarabağ”la baş məşqçisi yerlidir axı, Qurban Qurbanov yaxşı mütəxəssisdir. Çox sağ olsun Əsgər müəllim, çətin vaxtda komandaya kömək etdi, nailiyyətlər oldu. Həmin bu "Neftçi” "Qəbələ”ni səfərdə udmuşdu. "Xəzər Lənkəran”a onun meydanında 8 ildən sonra ilk dəfə qalib gəlmişdi. Hər komanda "Qarabağ”a qalib gələ bilmir, ancaq "Neftçi” bunu bacardı. Ancaq qış fasiləsindən sonra oyunun keyfiyyəti bizi qane etmir. Təbii ki, bu çətin vəziyyətdən necə çıxmağı fikirləşəcəyik.
- Hesab edirsiniz ki, komandanın uğursuzluğu baş məşqçi ilə bağlıdır?
- Uğursuzluğu yalnız baş məşqçinin üstünə yıxmaq olmaz. Təbii ki, nöqsanlar da var. Bəlkə taktika da düzgün deyil, bəlkə kimsə lazımınca oynamayıb. Bizdə məşqçilər korpusu var, onlar da baxıb təhlil etməli, deməlidir. Bəlkə kimsə "Neftçi” oynamamalıdır və ya yaxşı oynayıb. Buna peşəkarlar qiymət verməlidir.
- Əsgər Abdullayev fəaliyyətini Müşahidə Şurasında davam etdirəcək?
- İstefa onun qərarıdır. Mən Əsgər müəllimlə oyundan sonra danışmamışam, görüşməmişəm. Onun istefasına Müşahidə Şurasında baxıb, qərar verəcəyik. Ancaq bu, elə vacib məsələdir ki, bir gündə yeni baş məşqçini tapa bilmərik. "Neftçi”yə uyğun mütəxəssis olmalıdır, nə qədər dəyişiklik olar? Samir Əliyev postundan getdi, oxumalı idi, kluba qayıtdı. Əsgər müəllim gəldi. Bizim proqramımız var və 2-3 il bu xətlə getmək istəyirik. "Neftçi”ni elə səviyyəyə qaldıraq ki, Çempionlar Liqasının qrupunda oynamalıyıq. Biz gec-tez buna nail olacağıq. Doğrudan da "Neftçi”nin potensialı çox böyükdür. Gənc futbolçuların meydandakı istəyini görürük. Səhvlər də olur. Görünür ki, təkcə baş məşqçi yox, hamımız uduzuruq.
- "Xəzər Lənkəran”la kubok oyununa komandanı kim çıxaracaq?
- Hələlik
baş məşqçimiz Əsgər Abdullayevdir. Qərar tək mən verə bilmərəm, Müşahidə
Şuramız var. Bizdə axı idman direktoru, məşqçilərimiz var. Onlar komandanı
oyuna çıxara bilərlər. Təbii ki, Əsgər müəllim istefa veribsə və biz bunu qəbul
etsək.
- Sizdən əvvəlki rəhbərlik nəticədən asılı olmayaraq ictimaiyyətə çox açıq idi. "Neftçi” ardıcıl 4 oyundur uduzur, ancaq rəhbərlikdən heç kəsi tapa bilmirik...
- Bəs mən rəhbər deyiləm?
- Komandanın ardıcıl məğlubiyyətlərindən sonra məcbur olub çıxdınız jurnalistlər qarşısına...
- Mən hər dəfə jurnalistlərin qarşısına çıxıram, bunu görürlər. Mən "Pen-klub"un prezidentiyəm. Bunun ilk mənası söz azadlığıdır. Mən həmişə jurnalistlərə açığam. Bəli, klub rəhbəri udanda da, uduzanda da mətbuat qarşısına çıxıb danışmalıdır. Axı hər yerdə prezidentlər danışmır, baş məşqçi danışmalıdır. Hər dəfə prezidentin danışması da düzgün deyil axı. Bütün klub prezidentlərinə böyük hörmətim var. Ancaq mən görməmişəm ki, hər oyundan sonra hansına klubun prezidenti danışsın. Bəlkə adlarını da tanımırsınız, oyunda bəzilərini görmürsünüz. Yaxşı da, biz az insafınız olsun, axı bu, belədir.
- "Neftçi”nin bu gün 7-ci yerdə olmasına görə utanmalı olan adam kimdir?
- Görünür, birinci növbədə mən.
- Nədir günahınız?
- Görünür, nəyisə tələb edə bilməmişəm ki, komanda indi bu yerdədir. Nə olursa-olsun, "Neftçi” Azərbaycanın brendidir. Necə ki Bakıda "Qız qalası” və sair. Bu brendi elə səviyyəyə qaldırmalıyıq ki, həmişə brend olsun. Bütün klublara, uğurlarına hörmətim var. Ancaq hamısının bir yerdə "Neftçi” qədər əfsanəsi, azarkeşləri, tanınmış futbolçuları yoxdur. Bu, həqiqətdir, ikinci belə klub yoxdur. Heç bir klubu "Neftçi” ilə müqayisə etmək olmaz. Bizi nəinki 7-ci, heç 4-cü yer qane etmir. Mən heç vaxt gizlənməmişəm. Görünür, mənim də səhvim olub ki, baş məqşçidən lazımınca tələb edə bilməmişəm.
- Sizin illərlə əziyyətlə yığdığınız imic, ad-san var. Bunlar "Neftçi” yolunda xərclənir...
- Yaxşı sualdır. Ancaq dediyinizə inanmıram. Mən şadlıq evi tikməmişəm, mağaza açmamışam ki.. Mənim imicim kitablarımla olub. Onları oxuyan adam məni bəyənir. Əgər məni futbola görə bəyənmirsə, heç bəyənməsin. İmic belədir ki, ya sənə hörmət edirlər, ya da yox. Biz "Neftçi”ni yüksəltmək xəttini seçmişik və sona kimi bununla gedəcəyik. Böyük məqsədlərimiz var. Bizdə şəffalıq var. Təkcə Azərbaycanda yox, Qafqazda ilk klub olmuşuq ki, auditor firması ilə müqavilə imzalamışıq. Hamısını gəlib yoxlayacaqlar qəpiyinə kimi. Bu, bütün klublar üçün nümunə olmalıdır. Biz yalnız Azərbaycanda yox, Avropada nümunə olmaq istəyirik.
- Siz gələndə Bakı Olimpiya Stadionunda oynamaq istəmişdiniz. Ancaq onda AFFA prezidenti Rövnəq Abdullayev zarafatla demişdi ki, hələ "Bakcell Arena”nı doldurun, sonra. Ancaq hələ də buna nail olmamısınız...
- Bakı Olimpiya Stadionunu SOCAR-a veriblər, bu da sonda "Neftçi” cəmiyyətinin olub. Təbii ki, azarkeşlərin çox gəlməsini istəyirik. SOCAR-da çoxlu idarələr var, insanlar işləyir. Biz müraciət etsək, təbii ki, stadionu doldurmaq olar. Ancaq belə istəmirik. "Neftçi” Bakıda bilet satan yeganə klubdur. Futbolda peşəkar səviyyədə işlər görmək istəyirik.
- "Neftçi”nin
Tofiq Bəhramov adına Respublika stadionuna qayıtması haqda düşünürsünüz?
- Yox. Rövnəq müəllim düz deyib, ilk
növbədə gəlin, "Bakcell Arena”nı dolduraq. "Tofiq Bəhramov” bağlanıb. Kimsə
Çempionlar Liqasında qrupa çıxsa, Bakı Olimpiya Stadionuna heç olmasa 30-40 min
nəfər gələr. "Neftçi” ilə "Xəzər Lənkəran” da oynayanda Respublika
stadionu dolurdu. Bəzi çətinliklər var və bu, yalnız "Neftçi” ilə bağlı deyil.
Kompleks məsələdir. Çox sağ olsun SOCAR ki, çətin vəziyyətdən yavaş-yavaş
çıxmışıq. Biz "Neftçi”yə gələndə, Müşahidə Şurası yarananda klubun 3 milyon
dollar borcu vardı. O vaxt manat bir az enmişdi, dekabrda 50 faiz endi. Mpenzaya
borc bizim deyil, bunu biləsiniz. Ancaq təbii ki, "Neftçi”nin borcudur və heçin kəsi
çiyninə qoya bilmərik. Pulu ödəməsək, FİFA cərimə verə bilərdi. "Rəvan”la
bağlı məsələni gördünüz. Təbii ki, azarkeşlərlə bağlı məsələdə əsas şey nəticə,
oyundur. Komanda pis oynayanda heç kəs gəlməyəcək.
- Siz müəyyən bir vaxt deyə bilərsinizmi ki, "Neftçi”nin bu vəziyyətdən çıxması üçün nə qədər səbr etmək lazımdır?
- Əgər bunu bilsəydim... Desəm ki, gələn oyunda qalib gələcəyik, bu, ciddi olmazdı. Hesab edirəm ki, bu gün dünəndən yaxşı oynamalı idik. "Neftçi” oyuna heç də pis başlamamışdı. Bəziləri deyir ki, qapımıza ilk qolda rəqibin futbolçusu "ofsayd"da olub. Buna mütəxəssislər baxıb desinlər. "Xəzər Lənkəran”la qarşıda kubokda vacib oyun var. İnanırıq ki, qalib gələcəyik.
- "Neftçi”nin futbolçusu yenə qırmızı vərəqə aldı və bu, nəticəyə təsir edir. Əvvəlki klub rəhbərliyi dövründə sərt tələblər olurdu...
- Bu, nizam-intzamla bağlıdır və sizinlə razıyam. Bu gündən danışmıram, ancaq lap çox qırmızı vərəqə verirlər. Klubda nizam-intizama çox tələbkarıq və çox fikir veririk. Təbii ki, futbolçulara iradlarımızı deyirik. Komanda 1 nəfər azlıqda qalanda çətin olur.
Mehman SÜLEYMANOV