AZAL-ın gürcü futbolçusu Nuqzar Kvirtiyanın Sportnet.az-a müsahibəsi
- "Rəvan"a uduzduğunuz oyunu necə dəyərləndirərdin?
- Bizim üçün çətin, uğursuz matç idi. Turnir cədvəlində ən yaxın izləyicimiz olan "Neftçi" ilə xal fərqini 7-yə yüksəltmək istəyirdik. Ancaq futbolda belə nəticələr olur. Ümid edirəm ki, növbəti oyunlarda xal qazana və bununla da qarşımızda duran məqsədə çata biləcəyik. Bu, Avropa Liqasına düşməkdir. Bu şansımız var. Niyə bundan istifadə etməyək?
- Səncə, autsayderə məğlubiyyət növbəti oyunlarda sizə psixoloji cəhətdən mənfi təsir göstərə bilərmi?
- Biz rəqiblərimizi autsayderə və qeyri-autsayderə bölmürük. Bizim üçün bütün komandalar eynidir. Hesab etmirəm ki, "Rəvan" aşkar autsayderdir. Onlar "Neftçi"ni məğlub edib, "Qəbələ" ilə heç-heçə edib. Bəli, "Rəvan" turnir cədvəlində son pillədə gedir. Ancaq futbolda hər şey olur.
- Sizdə hücumda aqressivlik çatmırdı. Bunun səbəbi nə idi?
- Bu suala cavab verə bilmərəm. Biz hamımız çalışırdıq, ancaq nəsə alınmırdı. Biz taktiki cəhətdən məşq etmişdik. Ancaq hücumda kəskin oynamaq alınmırdı.
- "Rəvan"la matçda bütün hücumlar sənin üzərində qurulurdu. Özü də daha çox sağda çıxış etdin. Halbuki, biz səni solaxay olduğundan sol cinah yarımmüdafiəçisi kimi görmüşük. Bu mövqe dəyişikliyi oyununa necə təsir göstərdi?
- Biz meydanda daim mövqeyimizi dəyişirik. Gah solda oynayırıq, gah sağda. Mən oyuna solda başladım, sonra sağa keçdim və sonadək orada qaldım. Tərlan müəllim (bunu azərbaycanda deyir) bizə meydanda sərbəstlik verir. Necə bizə rahatdırsa, elə də oynayırıq. Yerdəyişmələr həm ona görə edirik ki, rəqib müdafiəçilər bizə öyrəşməsinlər. İkinci hissədə tez-tez cinahlarımızı dəyişməli idik.
- Növbəti oyunda digər autsayder - "Xəzər Lənkəran"la üzləşəcksiniz. Yəqin ki, "Rəvan"a məğlubiyyətədn nəticə çıxardıb ciddi hazırlaşacaqsınız...
- Biz hər oyundan sonra nəticə çıxardırıq. Bir daha bildirirəm ki, rəqibləri fərqləndirmirik. Lider yalnız bir komandadır - "Qarabağ". Bu komanda rəqiblərdən çox aralanıb. Qalan bütün komandalar bizim üçün eynidir. Bütün komandalara hörmətlə yanaşırıq. "Xəzər Lənkəran"da layiqli, gənc futbolçular çıxış edir. Onlar sonadək mübarizə aparırlar. Məncə, "Xəzər Lənkəran" da Şüvəlana belə oyun göstərməyə gələcək.
- Avropa Liqasında düşmək şansınızı necə dəyərləndirirsiniz?
- Ümid edirəm ki, buna nail olacağıq. Gərək şansından istifadə edəsən, "Neftçi"dən aralanasan. Həm də "Neftçi"nin ölkə kubokundan da Avropa Liqasına düşmək şansı var. Biz gərək öz xallarımızı toplayaq, sonra rəqiblərimizə baxaq.
- Paltardəyişmə otağında sizi yığan rəhbərlik nə deyirdi?
- Bizə səhvlərimizi göstərdilər. Oyunun təhlili olacaq. Rəhbərlik bizdən xahiş etdi ki, başımızı aşağı salmayaq, irəliməkdə davam edək.
- Vitse-prezidentiniz Fikrət Hüseynov sizə xüsusi bir şey dedi?
- Paltardəyişmə otağına gorərək bizi dəstəklədi. Dedi ki, bəli, pis oynadıq, ancaq nəticə çıxatrmaq, növbəti matçlarda daha məsuliyyətli oynamaq lazımdır.