"Hamını təbrik edirəm. Həqiqətən də futbolçular ilboyu çox əziyyət çəkdilər. Bu adı əldə etmək üçün çox çətin anlar yaşadıq, çətin oyunlarımız oldu. Futbolçular sonadək çalışdılar, düzgün oyun sərgilədilər və sonda bizə yaxşı bir çempionluq nəsib oldu". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək, ardıcıl 3-cü mövsüm çempion olduqları oyundan sonra CBC Sport-a deyib.
44 yaşlı mütəxəssis futbolçularına təşəkkür edib: "İlk dəqiqələrdən sonadək oyunun tempi aşağı düşmədi, nəzarəti əldən vermədik. Çempionluqla yanaşı, yaxşı oyun nümayiş etdirdik. Hər dəfə deyirəm ki, öz çıxışlarımızı oyundan-oyuna daha da yaxşılaşdırmalıyıq. Nəticə də öz yerində. Bu gün bunun şahidi oldum. Meydanda sürət, mübarizə, bir sözlə, futbol adına hər şey var idi. Az1arkeşlərimizi, rəhbərliyimizi və bütün qarabağlıları təbrik edirəm. "Zirə"yə isə uğurlar arzulayıram. Səhv etmirəmsə, bu, rəqibin öz meydanında ilk məğlubiyyəti idi. Bu gün də şahidi olduq ki, burada qalib gəlmək həqiqətən də çətindir. Qarabağda döyüşən əsgərlərimizə təşəkkürümü bildirirəm. Onlar orada bizləri, Vətəni qoruyurlar, biz də öz üzərimizə düşəni etməyə çalışırıq".