1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
10-u tapın!
Elşən MƏMMƏDOV
Cəmi 2 gün sonra Fransada futbol üzrə Avropa çempionatı start götürəcək. İlk dəfə 24 komandanın iştirakı ilə. İlk dəfə 6 qrupda. UEFA-ya üzv ölkələrin təqribən yarısı AVRO-2016-da təmsil olunacaq. Kiminin nəzərləri favoritlərə, kimininki Türkiyə, kiminin də Ukrayna ilə Rusiyanın çıxışlarına yönələcək. Təbii ki, Albaniya yığmasının heyətində yer alan "Qarabağ"ın futbolçusu Ansi Aqolli də diqqətdən kənarda qalmayacaq.
Azərbaycanda isə... Belə getsə, ilk dəfə 8 komandanın iştirakı ilə Premyer Liqa təşkil olunacaq.
Bəli, Avropada düz bir ay davam edəcək bayram ərəfəsində bizim futbol matəm ab-havasındadır: Premyer Liqada oynamağa klub tapılmır. Vəziyyət o dərəcədə ciddidir ki, aydan-ildən bir dəfə yığışan AFFA İcraiyyə Komitəsi bu dəfə bir həftəyə iki iclas keçirmək zorunda qalıb.
Birincisi ötən gün oldu. AFFA prezidenti Rövnəq Abdullayevdən əlavə, 6 üzvün iştirakı ilə. Deyəsən, İcraiyyə Komitəsində də vəziyyət Premyer Liqadakı kimidir: birində oynamağa komanda, digərində əl qaldırmağa üzv tapılmır. Mirkamil Rəhimov vəfat etdiyindən, iclasa 10 nəfər qatılmalı idi. Di gəl ki, onlardan Mahir Məmmədov, Vaqif Sadıqov və Elmar Məmmədyarov yox idi. Məmmədovla Sadıqovu yenə başa düşmək olar. İclaslarda müntəzəm iştirak edirlər. Bəs cəmi 3 ay öncə seçilən xarici işlər nazirinin gözə görünməməsi nəyə görə idi? Vəzifə təyinatına uyğun, xaricdə olduğuna görəmi? Məmmədyarov belə davam edəcəksə, onun İcraiyyə Komitəsi üzvlüyünə bir quş...
Vəziyyət hamıya əyandır. Ölkə futbolu acınacaqlı durumdadır. Amma təkcə futbolmu? Az əvvəl komanda növlərindən qadın voleybolunda hansı problemlərin yaşandığını hamımız gördük. Vəziyyət o həddə çatdı ki, nəinki Super Liqa adlanan ölkə çempionatında, heç Çempionlar Liqası və CEV Kubokunda oynamağa komanda sayı düzəlmədi. O cümlədən, vaxtilə oyunçuları bir gecənin içində ərə verilərək, milliləşdirilən otüstü hokkey yığmasından indi əsər-əlamət qalmayıb. Həmin o "nikah"lar pozulub, "firavan ailələr" dağılıb. Həndbolda illərdir qadınlara yiyə duran yoxdur. Basketbol komandalarımız ocağı söndürüb külü ilə oynayır.
Qarşıdan isə "Rio-2016" olimpiadası gəlir. Azərbaycan yenə fərdi növlərdə təmsil olunacaq. Amma kimlərlə? 70 faizədək hissəsi əcnəbilərdən ibarət heyətlə. O idmançıları hazırlayan federasiyaların əksəriyyəti də maddi böhran içindədir. Canlarını dişlərinə tutub təlim-məşq toplanışlarına vəsait xərcləyirlər. Əməkdaşlarının maaşlarından kəsib idmançıların hazırlıqlarına yönəldiblər. Belə getsə, olimpiadadan sonra əcnəbi idmançılarının çoxu ilə vidalaşmalı olacaqlar.
Formula 1 üzrə Avropa Qran Prisinə milyonlar xərcləyən Bakı Şəhər Halqası idman mətbuatına təbliğat üçün 5000 manat ayıra bilmir. Əvvəl söz verir, sonra isə "atır". Ölkə üçün futbol 2020-ci ilədək prioritet deyil. İndi hamı Formula 1-dən, Şahmat Olimpiadasından, İslam Həmrəyliyi Oyunlarından danışır. Azərbaycan Premyer Liqasını təşkil edib keçirənlərə İslam Həmrəyliyi Oyunlarına görə "Gələn ilin mayınadək bazarınızı yığışdırın" komandası gəlib.
Biz isə başımıza döyürük ki, ay aman, qoymayın, 8 komandamız qaldı. "Lisenziya ala bilməyən klublarla iyunun 13-dək danışıqlar aparılacaq" deyib görüntü yaratmaq lazım deyil. 8 komandalı çempionat həm təşkilatçılara, həm də mediaya sərfəlidir. Çünki PFL daha 36 turu gələn ilin mayınadək təqvimə yerləşdirmək üzərində baş sındırmayacaq. İndi cəmi 28 tur gərək olacaq. Onu da təqvimə yerləşdirməyə nə var ki... Jurnalistlər də hər tura düşən cəmi 4 oyunun hamısını lazımınca işıqlandıra biləcəklər. Nə fərqi var ki? 2 mövsüm əvvəl 9 komanda idi, yenə hər tur 4 oyun olurdu. İndi 8 komandadır, yenə 4 oyun olacaq. Klublardan isə yarısı avrokuboklara vəsiqə qazanmağa şanslı olacaqlar.
Nəyi qoyub nədən danışırıq...
Ötən gün AFFA İcraiyyə Komitəsinin iclasında 10 nəfər olmalı idi. Amma olmadı. Məsələ də elə 10-dadır. Premyer Liqada oynamağa 10 komanda, İcraiyyə Komitəsinin iclasına qatılmağa 10 üzv tapılmır.
Hərçənd, 10 futbolda bərkgedən rəqəm sayılır.