"Yeni futbolçular haqda hələ qəti fikir yürütmək tezdir. Hazırlığa yeni başlamışıq, 1 yoxlama oyunu keçirmişik". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasında ölkəmizi təmsil edəcək komanda heyətinə 3 yeni legioner cəlb edib. Bunlar yarımmüdafiəçilər - "İnter"dən tanıdığımız Nika Kvekveskiri, xorvat Filip Ozobiç və Liberiya yığmasının üzvü Teo Luis Uiksdir.
Qriqorçuk yeni transferlərin işə münasibətindən razıdır: "Onlar məşqlərdə səylə işləyir, komandaya fayda verməyə çalışırlar. İşlərinə məsuliyətlə yanaşırlar. Yoxlama oyunu rəsmi matçdan fərqlənir. Ona görə futbolçu haqda birmənalı fikir yürütməyə əsas vermir. Hər halda, yeni futbolçular haqda təəssüratlarımız müsbətdir".
Yeni legionerlərə inanan ukraynalı mütəxəssisin sərəncamında əcnəbi hücumçu qalmayıb. Bosniyalı Ermin Zetslə yollarını ayıran "Qəbələ" ukraynalı Aleksey Antonovla estoniyalı Sergey Zenyovu transferə çıxarıb. Qriqorçukun sözlərinə görə, təcili hücumçu alınması zərurəti var: "Bizə mütləq hücumçu lazımdır. İndi elə alınıb ki, ön xətdə gənc futbolçulardan yararlanırıq. Bunlar əvəzedici heyətdən cəlb edtiyimiz futbolçulardır".
Xatırladaq ki, hazırda Roman Qriqorçukun sərəncamında olan hücumçulardan Ehtiram Şahverdiyev ötən mövsümün əvəzedicilər çempionatının bombardiri, Ramil Həsənov onun ən yaxın izləyicisi olub.