Türkiyə milli komandası AVRO-2016-da 1/8 finala yüksəlmək üçün əlverişli imkan qazanıb. Sportnet.az-ın məlumatına görə, "ay-ulduzlular"ın növbəti mərhələyə çıxma şansları Çexiya üzərində qələbədən sonra artıb.
Qaydalara əsasən, qrupdan ilk 2 yeri tutanlarla yanaşı, 3-cü yerin 6 sahibindən 4-ü çıxır. Hələlik 4 qrupda mübarizəyə yekun vurulub. 3-cü yer sahiblərindən Slovakiya B qrupunda 4 xalla, Şimali İrlandiya isə C qrupunda 3 xalla (top fərqi - 2:2) 1/8 finala vəsiqəni təmin edib. Türkiyənin də 3 xalı var, amma Fatih Terimin komandası top fərqində (2-4) yalnız Albaniyanı (1-3) daha çox qol vurduğu üçün üstələyir.
Beləliklə, bu gün "E" və "F" qruplarında keçiriləcək son tur qarşılaşmalarından sonra 3-cü yeri tutanlardan birinin göstəricisinin daha aşağı olması kifayət edir ki, Türkiyə ən yaxşı göstəriciyə malik 4 "üçüncü"dən birinə çevrilsin. Bunun üçün "E" qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş İtaliyanın (6 xal) İrlandiyaya (1 xal) uduzmaması, yaxud İsveçin (1 xal) Belçikaya (3 xal) qalib gələ bilməməsi, hətta yensə belə, 4 top fərqi ilə qalib gəlməsi lazımdır.
"E" qrupu da alınmasa, "F" qrupunda Portuqaliya (2 xal) Macarıstandan (4 xal) xal almamalıdır. Bu halda İslandiya - Avstriya görüşünün nəticəsi əhəmiyyətini itirir.
Göründüyü kimi, E qrupunda Türkiyənin istəyinə uyğun nəticənin gerçəkləşməsi daha real görünür. Bu isə "ay-ulduzlular"ın 1/8 finala vəsiqəni böyük ölçüdə təmin etdiyi anlamına gəlir.
Qeyd edək ki, hazırda növbəti mərhələyə A qrupundan Fransa və İsveçrə, B qrupundan Uels, İngiltərə və Slovakiya, C qrupundan Almaniya, Polşa və Şimali İrlandiya, D qrupundan Xorvatiya və İspaniya, E qrupundan İtaliya, F qrupundan isə Macarıstan yığmaları növbəti mərhələyə adlayıb.