"Yeni məşqçimiz Fransisko Navarronu İspaniyadan tanımırdım. Onu mənə yaxşı mütəxəssis kimi məsləhət gördülər". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Vəli Qasımov deyib.
Məlum olduğu kimi, Avropa Liqasında çıxış edəcək "ağ-qaralar" bu həftə müqavilə imzaladıqları ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə əməkdaşlığa başlayıblar.
Qasımovun uzun illər İspaniyada yaşadığını, orada oynadığını nəzərə alsaq, ispaniyalı həmkarını tanıdığını düşünmək olardı. Ancaq təcrübəli mütəxəssisin sözlərinə görə, şəxsi tanışlığı olmadığı Navarrronu ona məsləhət biliblər: "Onun haqda məlumat əldə etdik. Çox təcrübəli məşqçidir. "Atletik"də, "Almeriya"da işləyib. İspaniyadan kənarda da, Macarıstanda çalışıb. Navarro böyük məşqçilərlə işləyib və yaxşı karyeraya malikdir. Bizə fiziki hazırlıq üzrə məşqçi lazım idi və bu baxımdan ispan mütəxəssisin təcrübəsindən faydalana bilərik".