"Neftçi”dən əvvəl 2 il Avstriyanın "Austriya” klubunda çıxış etmişəm. Bütün oynadığım klublarda çox vaxt meydanda olmuşam. İstəyirəm ki, "Neftçi”də də belə olsun".
Sportnet.az-ın məlumatlna görə, bu fikirləri "Neftçi"nin yeni transferi Vançe Şikov klubun televiziyasına açıqlamasında bildirib. Makedoniya milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Bakı təmsilçisinə gəlişinədək olan karyerasına toxunub: "18 yaşımda Makedoniyanı tərk edib, Yunanıstana üz tutdum, 5 il orada oynadım. Əvvəlcə "Ksanti” klubunda çıxış etdim, sonra isə "Olimpiakos”la müqavilə imzaladım, amma icarə əsasında "Apollon” (Kalamariya) və "Kerkira” klublarında forma geyindim. 3 il Kipr çempionatında oynayandan sonra isə Ukraynanın "Volın” klubunun şərəfini qorudum. "Neftçi" haqqında məlumatı, əvvəllər burada oynamış futbolçular – İqor Mitreski və Slavço Georgievskidən almışam. Onlar bildirdilər ki, "Neftçi” Azərbaycanın ən böyük klubudur. Mən buraya bu komandaya kömək eləməyə gəlmişəm, bunun üçün əlimdən gələni edəcəyəm. Harada oynamışamsa, hər görüşə final matçı kimi çıxmışam".
Şikov "Neftçi"nin hazırlığı haqda da təəssüratlarını bölüşüb: "Məşqləri izləmişəm, görünür ki, gənc və yaxşı komandadır. Səhv etmirəmsə, komandada ən yaşlı futbolçulardanam, çalışacağam gənclərə kömək edim. Püşkün nəticəsinə görə, rəqibimiz Malta klubu oldu, amma bizim səbətdə daha güclü rəqiblər var idi – Slovakiya klubu və başqaları. Biz bu oyuna ciddi hazırlaşmalıyıq, ortaya 100 faiz gücümüzü qoymalıyıq və qalib gələrək Avropa Liqasının ikinci mərhələsinə adlamalıyıq”.