Sabah Azərbaycan klubları Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar. Sportnet.az-ın məlumatına görə, "Kəpəz"i Moldovada çətin sınaq gözləyirsə, "Qəbələ" ilə "Neftçi" formal matçlar keçirəcəklər.
Hər halda, bu klublar ilk oyundaca mərhələ keçmək vəzifəsinin öhdəsindən demək olar gəliblər. "Neftçi"nin Maltada "Baltsan"ı 2:0, "Qəbələ"nin evdə Gürcüstanın "Samtredia" klubunu 5:1 hesabı ilə məğlub etməsi belə düşünməyə əsas verir. Rəqiblərimiz növbəti mərhələyə keçmələri üçün böyükhesablı qələbə qazanmalıdırlar ki, bu da real görünmür. Çünki ilk oyunlar komandalar arasında səviyyə fərqinin xeyrimizə böyük olduğunu göstərdi.
"Kəpəz" isə evdə Moldovanın "Daçiya" klubuna evdə qalib gəlməyərək qolsuz bərabərliklə barışmalı olub. Ancaq hər halda, komandamızın öz meydanında qol buraxmamasını üstünlük saymaq olar. Çünki bu halda Şahin Diniyevin komandasını mərhələ keçmək üçün təkcə qələbə yox, istənilən qollu heç-heçə də qane edəcək. Düzdür, klublarımız avrokuboklarda əksər vaxt Moldovada uğursuzluğa düçar olubsa, son oyunda nəhayət, "İnter" bunu aradan qaldıra bilib. Söhbət "bankirlər"in 2 il öncə elə Avropa Liqasının I təsnifat mərhələsində "Tiraspol"a 3:2 hesabı ilə qalib gəldiyi matçdan gedir.