Azərbaycan klubları avrokuboklarda rekordunu təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasındakı təmsilçimizin 3-ü də 3 il öncə - 2013/14 mövsümündə olduğu kimi mərhələ adlayıb.
Onda bunu "Qarabağ" Makedoniya "Metallurq"unu (səfərdə 1:0, evdə 1:0), "Xəzər Lənkəran" Malta "Slima"sını (səfərdə 1:1, evdə 1:0), "İnter" Finlandiya "Mariehaym"ını (evdə 1:1, səfərdə 2:0) keçməklə reallaşdırmışdı. İndisə "Neftçi" Malta "Baltsan"ı (səfərdə 2:1, evdə 1:2), "Qəbələ" Gürcüstan "Samtredia"sını (evdə 5:1, səfərdə 1:2), "Kəpəz" Moldova "Daçiya"sını (evdə 0:0, səfərdə 1:0) mübarizədən kənarlaşdırdı.
Düzdür, nəticələri müqayisə etsək, 3 il öndə daha yaxşı idi. Ən azı ona görə ki, onda 6 oyunun heç birində uduzmamışdıqsa, bu dəfə 2 məğlubiyyət aldıq. Ancaq istənilən halda, ölkəmiz hər 2 mövsümdə yekunda Avroliqadakı bütün təmsilçiləriylə ikinci mərhəlyə yüksəlib.
Həmin vaxt Çempionlar Liqasında təmsilçimiz olan "Neftçi" Albaniya "Skenderbeu"sunu keçə bilmədiyindən (evdə 0:), səfərdə 0:1) maksimum vəzifə yerinə yetirilməmişdi. Bu dəfə turnirdə təmsilçimiz "Qarabağ"dır və rəqibi olan Lüksemburq "Düdelanj"ını keçəcəyi şübhə doğurmur. Deməli, Azərbaycan 1994-cü ildən təmsil olduğunu avrokuboklarda yeni tarxi yazmaq imkanına malikdir.